İqtisadiyyat

Hüquqi qeyri-rezidentlər gəlir vergisi üzrə dövlət büdcəsinə ötən il 225 mln. manat köçürüblər

2020-ci ildə Azərbaycanda daimi nümayəndəliyi olan qeyri-rezident müəssisələri tərəfindən gəlir vergisi üzrə dövlət büdcəsinə 225,448 mln. manat vəsait daxil olub. Bu, 2019-cu illə müqayisədə 7,7% azdır.
“APA-Economics”in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatası tərəfindən verilən rəydə deyilir.
Sözügedən daxilolmaların faktiki icrası proqnozlaşdırılan göstəricidən 33,1% az olub.
Qeyd edək ki, ötən il rezident hüquqi şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə daxilolmaları 1,071 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 11,7% çoxdur. Beləliklə, hüquqi şəxslər gəlir vergisindən ölkə büdcəsinə ümumilikdə 2,352 mlrd. manat vəsait daxil olub.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə 9,991 mlrd. manat məbləğində vergi gəlirləri (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi üzrə) daxil olub. Bu, 2019-cu illə müqayisədə 4% azdır. Dövlət büdcəsinin vergi gəlirlərinin əsasını ƏDV və gəlir vergiləri təşkil edib. Belə ki, ötən il büdcəyə ƏDV-dən və gəlir vergisindən daxil olan vəsaitlərin həcmi müvafiq olaraq 4,818 mlrd. manat və 3,503 mlrd. manat təşkil edib. Bu, büdcənin ümumi vergi daxilolmalarının 48,2%-nə və 35%-nə bərabər olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button