İqtisadiyyat

IFC Cənubi Qafqaz üzrə yeni regional menecer təyin edib

IFC (International Finance Corporation) İvana Fernandes Duarteni Cənubi Qafqaz üzrə yeni regional menecer vəzifəsinə təyin edib.
Bu barədə APA-ya IFC-nin Tbilisi ofisindən məlumat verilib.
Bildirilib ki o, IFC-nin Tbilisi ofisindən Ermənistan, Azərbaycan və Gürcüstanda əməliyyatları əhatə edəcək.
İvana Fernandes Duarte IFC-nin Qərbi Avropa ölkələri üzrə menecer vəzifəsinə təyin olunmuş Yan van Bilsen və son bir neçə ayda regional menecer vəzifəsini icra edən IFC-nın Avropa və Mərkəzi Asiya Əməliyyatları üzrə rəhbəri Cesper Kyaerin əvəzləyib.
Slovakiyalı Fernandes Duarte IFC-ə beynəlxalq maliyyə sahəsində 20 ildən çox təcrübəsi ilə qatılır. Avropa Yenidənqurma və İnkişaf Bankında və Citigroup-da müxtəlif vəzifələrdə çalışıb. Bu vəzifələri tutarkən o, özəl infrastrukturun inkişafı və maliyyələşdirilməsinə, eləcə də müxtəlif sektorlar üzrə ölkə idarəçiliyinə diqqət yetirib. İnkişafın maliyyələşdirilməsi üzrə fəaliyyətdən əvvəl Duarte layihələrin maliyyələşdirilməsi və inkişaf etməkdə olan bazarlarda investisiya bankçılığı sahəsində işləyib.
IFC-nin Avropa və Mərkəzi Asiya Direktoru Viebke Şlomer qeyd edib ki, IFC-nin Cənubi Qafqazdakı yeni regional menecerinin rolu, ölkələrin COVID-19 pandemiyasının yaratdığı misli görünməmiş problemlərin öhdəsindən gəldiyi dönəmdə xüsusilə əhəmiyyətlidir: “Xüsusən də bölgədəki zəngin təcrübəsindən yararlanaraq özəl sektorun gücündən istifadə etmək üçün ölkələrin hər birində keçmiş nailiyyətlərimizi daha da inkişaf etdirməyə çalışacağıq”.
Fernandes Duarte karyerasına Slovakiya Baş naziri aparatında başlayıb. İspaniyanın Barselona şəhərindəki IESE Business Məktəbdə MBA və Slovakiya İqtisad Universitetində İqtisadiyyat üzrə magistr dərəcəsini alıb.
“Pandemiyanın artım perspektivlərini ləngitməsinə baxmayaraq, iqtisadiyyatların bərpa prosesində özəl sektorun rolu həlledici olacaq. Mövcud vəziyyətdə IFC-nin Cənubi Qafqazdakı prioriteti iqlim dəyişikliyi, rəqəmsallaşma və kapital bazarlarının inkişafına diqqət yetirərək yaşıl, dayanıqlı bərpa məsələlərində kömək olacaq. Bazar və investisiya imkanları yaratmağa yönəlmiş islahatlara dəstək vermək üçün layihələrini davam etməyə planlaşdırırıq”, – deyə IFC-nin Cənubi Qafqaz üzrə yeni regional meneceri Fernandes Duarte qeyd edib.
Qeyd edək ki, Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) inkişafda olan iqtisadiyyatlarda fəaliyyətini özəl sektora fokuslayan ən iri inkişaf təşkilatıdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button