Gündəm

İki sərhədçinin həlak olması ilə bağlı cinayət işi açılıb

Mayın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının iki hərbçisinin həlak olması ilə bağlı cinayət işi açılıb.

Bu barədə Azərbaycan Baş Prokurorluğu məluamt yayıb.

Bildirilib ki, Yardımlı rayonundakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açıblar:

“Nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olub. Əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, saxlanılan şəxsin İran İslan Respublikasının vətəndaşı Bərgi Həsənəli Novruz oğlu olması müəyyən edilib. ”

Açıqlamaya görə, faktla bağlı Hərbi Prokurorluq cinayət işi başlayıb:

“Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci ( dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanıb”.

Məlumatda hadisə yerindən narkotik vasitələr, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürüldüyü vurğulanıb:

“İstintaq zamanı Bərgi Həsənəli Novruz oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub”.

Hələlik, bu açıqlamaya İranın rəsmi qurumlarından və saxlanan şəxsin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Mayın15-i saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Yardımlı rayonu¬nun xidməti sahəsində 3 nəfər naməlum şəxsin dovlət sərhədini pozmasının aşkar olunduğu bildirilir.

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti ( DSX) məlumat yayıb.
Məlumatda yazılıb ki, sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər:

Sərhəd pozucularının açdıqları atəş nəticəsində bir baş leytenantın və bir kiçik gizirin yaralandığı qeyd edilir:

“Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb. “

Açıqlamaya görə, hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb :

“Hadisənin baş verdiyi ərazi qapadılıb və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunub. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İİR ( İran İslam Respublikası– Red ) vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür. “

Məlumata görə, DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub :

“Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib “

Bu açıqlamaya, hələlik, İranin rəsmi qurumlarından və saxlanan şəxsin vəkilindən münasibət almaq mümkün olmayıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button