İqtisadiyyat

“İqtisadi rayonların yeni bölgüsü Zəfərdən sonra formalaşmış reallıqlara uyğundur”

“Azərbaycan iqtisadi rayonlarının yeni bölgüsü ölkə iqtisadiyyatının inkişafı, eyni zamanda sistemli şəkildə iqtisadiyyatın idarə edilməsi baxımından çox vacibdir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.   V. Bayramov deyib ki, iqtisadi rayonlar coğrafi baxımdan fərqlənməklə, eyni zamanda iqtisadi potensialına uyğun olaraq qiymətləndirmənin aparılmasına imkan verir: “Nəticə etibari ilə biz iqtisadi rayonlara artıq həmin rayonun iqtisadi potensialına uyğun olaraq yanaşmanın həyata keçirilməsini müşahidə edirik. Bu baxımdan yeni təsnifat artıq Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra formalaşmış yeni düzənə, yeni reallıqlara uyğun olaraq həyata keçirilir. İqtisadi rayonların yeni təsnifatı Azərbaycan iqtisadiyyatının inkişafı və rayonlarımızın iqtisadi potensialının genişləndirilməsi baxımından vacibdir. İqtisadi rayonlar sırasında yeni adda, yəni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının adlarının daxil edilməsini gördük. Bu, həm strateji, həm iqtisadi, həm tarixi baxımdan kifayət qədər vacib qərar, əhəmiyyətli bir addımdır. Əvvəlki təsnifatda Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları vardı, amma yeni təsnifatda Qarabağ bölgəsində yerləşən rayonlar Qarabağ iqtisadi rayonunda yer alacaq. Şərqi Zəngəzur isə həmin bölgənin iqtisadi potensialından istifadə edilməsi və genişləndirilməsi baxımından vacibdir. Qarabağ iqtisadi rayonunun həm sənaye, həm turizm, həm aqrar sektorda böyük potensialı var, Şərqi Zəngəzur da kifayət qədər böyük potensiala malik rayondur. İşğaldan azad edilmiş ərazilərin bərpa və yenidən  qurulmasın həyata keçirilir. Yeni bölgü işğaldan azad olunmuş ərazilərimizin, bütövlükdə Qarabağın bərpa və yenidənqurma prosesinin daha sürətli, eyni zamanda iqtisadi inkişafın formalaşmasına daha sistemli, eyni zamanda dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək”.
Deputat qeyd edib ki, yeni təsnifat Qarabağın, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialından daha geniş istifadə edilməsinə zəmin yaradacaq: “Xüsusən nəzərə alınmalıdır ki, Şərqi Zəngəzur Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası və qardaş Türkiyəyə çıxış imkanı əldə edəcək. Bu da Şərqi Zəngəzur iqtisadi rayonunun həm də strateji, coğrafi baxımdan əhəmiyyətini göstərən amillərdən biridir. Bu baxımdan yeni təsnifat Azərbaycanda iqtisadi inkişafın sistemliliyi və  dayanıqlığını təmin etmək baxımından vacib olmaqla yanaşı, həm də işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialından daha yaxından və daha geniş şəkildə istifadəsinə imkan verəcək. Bu da təbii ki, həmin ərazilərimizdə iqtisadi inkişafa daha qısa zamanda nail olunmasına stimul yaradacaq”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button