İqtisadiyyat

İran Azərbaycanın işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərində maraqlıdır

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Elnur Əliyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə İranın Azərbaycanın ərazi bütövlüyünün bərpasına ölkəmizin suverenliyinə hörmət çərçivəsində dəstək verdiyi, Azərbaycan-İran dövlət sərhədinin işğal altında olan hissəsinin azad edilməsinin xalqlarımız tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılandığı bildirilib.
Nazir müavini hazırda iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın inkişafını, Azərbaycanın əlverişli biznes mühitindən yararlanan İran şirkətlərinin sayının artdığını, qarşılıqlı investisiya əməkdaşlığını, birgə layihələrin icrasını diqqətə çatdırıb, işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində dövlət-özəl tərəfdaşlığı çərçivəsində İran şirkətləri ilə nəqliyyat, energetika, sosial infrastruktur və s. sahələrdə əməkdaşlıq imkanlarını qeyd edib.
Səfir Seyid Abbas Musəvi Azərbaycan və İran xalqlarının tarixi dostluğunu xatırladaraq ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üçün potensialı vurğulayıb. Səfir Azərbaycan Respublikasının işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərinin həyata keçirilməsində ölkəsinin maraqlı olduğunu bildirib.
Görüşdə ikitərəfli iqtisadi-ticarət əlaqələri genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button