İdman

İrina Zaretska 2-ci dəfə Avropa çempionu olub, Rafael Ağayev finalda uduzub

Xorvatiyanın Poreç şəhərində karate üzrə Avropa çempionatında bu gün həlledici görüşlər keçirilib.
Apasport.az saytının məlumatına görə, kumite yarışında mükafatçıların müəyyənləşəcəyi gündə Azərbaycan millisinin 5 idmançısı medal döyüşünə çıxacaq.
Onlardan 3-ü çempionluq, 2-si bürünc medal uğrunda mübarizə aparıb. 
Karateçilərimizdən Rafael Ağayev 12-ci dəfə Avropa çempionu olmağa yaxın olsa da, bunu bacarmayıb. 36 yaşlı idmançı Minsk-2019 II Avropa Oyunlarının final görüşündəki rəqibi Stanislav Horunaya (Ukrayna) yenə uduzub. Bununla da Ağayev 14-cü dəfə yüksəldiyi qitə birinciliyinin həlledici görüşündə 3-cü məğlubiyyətinə üzülüb. Beşqat dünya çempionumuzun aktivində həmçinin qitə birinciliyinin 7 bürünc medalı da var. 
Ondan fərqli, İrina Zaretska həlledici döyüşdən qalib ayrılıb. Milliləşdirilmiş legioner Vasiliki Panetsidunu (Yunanıstan) məğlub edərək, ikinci dəfə qitənin ən güclüsü adına sahib olub. 
Digər təmsilçimiz Pənah Abdullayevin final qarşılaşması uğursuz alınıb. Həmyerlimiz qələbə seriyasını davam etdirə bilməyib və türkiyəli Uğur Aktaşa uduzaraq, ikinci yerlə kifayətlənib. 
Millimizin heyətində Asiman Qurbanlı və İlahə Qasımova isə medalın bir addımlığında büdrəyiblər. Onlar 3-cü yer uğrunda görüşdən məğlub ayrılıblar. 
Bu gün həmçinin katada Roman Heydərov da bürünc medal döyüşünə çıxacaq. O, Mattio Busato (İtaliya) ilə üz-üzə gələcək. 
Qeyd edək ki, Avropa çempionatına sabah baş tutacaq komanda yarışları ilə yekun vurulacaq. Kumitedə kişilərdən ibarət yığmamız bürünc medal uğrunda İspaniya ilə, katada isə Rusiya ilə üz-üzə gələcək.
Bürünc medal görüşləriKumite
+84 kqAsiman Qurbanlı – Herolind Nişevçi (Kosovo) – 0:1
55 kqİlahə Qasımova – İrina Sarıkina (Belarus) – 3:5
Finallar75 kqRafael Ağayev – Stanislav Horuna (Ukrayna) – 1:3
84 kqPənah Abdullayev – Uğur Aktaş (Türkiyə) – 1:2
68 kqİrina Zaretska – Vasiliki Panetsidu (Yunanıstan) – 3:0

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button