İqtisadiyyat

İşğaldan azad edilən ərazilərdə əlavə su mənbələri yaradılacaq

Zəngilan, Qubadlı və Cəbrayıl rayonları ərazilərində əlavə su mənbələrinin yaradılması məqsədilə qiymətləndirmə işləri aparılır.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov deyib. 
Onun sözlərinə görə, bununla yanaşı, Kəlbəcər rayonunun ərazisində də bir sıra çay var ki, o ərazidə də mənbələrdə suyun yığılması üçün bir sıra tədbirlər işlənilib və gələn həftə hökumətə təqdim olunacaq. 
“Həkəri çayının üzərində 130 mln. kubmetrlik içməli suyun toplanması üçün, Bəşəri çayının üzərində isə suvarmada istifadəsi nəzərdə tutulan 65 mln. kubmetrlik su anbarlarının tikilməsi nəzərdə tutulur. Bununla yanaşı, Xudafərində 1,6 mlrd. kubmetr tutumu olan su anbarı da tikilir. Ondan 13 km aşağıda yerləşən, 62 mln. kubmetr tutumu olan “Qız qalası” su anbarı var. Burada, həmçinin elektrik enerjisinin istehsalı nəzərdə tutulur – 100 meqavatı “Xudafərin”in üzərində, 40 meqavatı “Qız qalası”nın üzərində”, – deyə R. Aslanov qeyd edib.
O həmçinin əlavə edib ki, “Xudafərin” su anbarı 250 min hektardan çox sahənin suvarılmasını yaxşılaşdıracaq. “Qız qalası”ndan isə 50 kubmetr saniyədə tutumu olan kanalın çəkilməsi nəzərdə tutulur ki, bu da əlavə olaraq Cəbrayıl rayonunun 12 min hektar suvarma sahələrinin su təminatını yaxşılaşdıracaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button