İqtisadiyyat

İsveçrə saatlarının ixracı kəskin artıb

Bu ilin may ayında İsveçrə saatlarının ixracı 2019-cu ilin may ayı ilə (pandemiyadan əvvəlki dövr) müqayisədə 11,9% azalaraq 1,797 mlrd. İsveçrə frankı (1,974 mlrd. ABŞ dolları) təşkil edib. Cari ilin aprel ayına nisbətdə ixrac eyni səviyyədə qalıb.
“APA-Economics”in məlumatına görə, bu barədə İsveçrə Saat Sənayesi Federasiyasının açıqlamasında deyilir.
Ötən ilin may ayı ilə müqayisədə (pandemiya dövrü) saat ixracı 2,7 dəfə artıb. Aprel ayında 2020-ci ilin aprel ayı ilə müqayisədə artım 5,5 dəfə, mart ayında isə 37,2% olub, bundan əvvəl saat ixracında 13 ay ardıcıl olaraq azalma qeydə alınmışdı. Saat Sənayesi Federasiyası 2020-ci ilin may ayında göstəricinin 67,9% azaldığını xatırladır, bu səbəbdən də dinamikanı illik nisbətdə müqayisə etməyi məqsədəuyğun hesab etmir.
May ayında ixracın böyük hissəsini təşkil edən qol saatlarının tədarükü 2019-cu ilin may ayına nisbətən 9,2% azalaraq 1,709 mlrd. frank (1,878 mlrd. dollar) təşkil edib.
İsveçrə saatlarının Çinə ixracı 2019-cu ilin may ayına nisbətən 17,4% artaraq 264 mln. franka (290 mln. dollar), ABŞ-a – 16,6% artaraq 242,9 mln. franka (266,9 mln. dollar), Böyük Britaniyaya – 8,3% artaraq 105,7 mln. franka (116,1 mln. dollar) çatıb. Eyni zamanda, Honkonqa ixracat 27,5% azalaraq 197 mln frank (216,4 mln. dollar), Yaponiyaya – 26,4% azalaraq 112,1 mln. frank (123,2 mln. dollar), Sinqapura isə 3,8% azalaraq 108,4 mln. frank (119,1 mln. dollar) təşkil edib.
Bu altı ölkə may ayında İsveçrə saatları bazarında 57,3% paya sahib olub. Ümumilikdə, sözügedən ölkələrə saat tədarükü illik ifadədə 3,5% azalıb.
Yanvar-may aylarında İsveçrə saatlarının ixracı 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 3% azalaraq 8,663 mlrd. frank (9,518 mlrd. dollar) təşkil edib. İllik ifadədə artım 50% olub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycana dəyəri 2,475 mln. dollar (ötən ilin analoji dövrü ilə müqayisədə 93,5% çox) təşkil edən 3 195 ədəd (+12,1%) İsveçrə saatı, o cümlədən 2,432 mln. dollar (+96,9%) dəyərində 3 130 ədəd (+11,7%) qol saatı idxal olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button