Gündəm

İtkin şəxs minaya düşübmüş 

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda itkin düşən şəxsin minaya düşərək ölməsi ilə bağlı məlumat yayıb.

Məlumatda iyunun 8-də Ağdam rayon Polis Şöbəsinə rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı məlumat daxil olduğu, bundan sonra Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birgə axtarış tədbirlərinə başlanıldığı deyilir.

İlkin ehtimallara görə, C.Hətəmxanovun mina və partlayıcı maddələrdən təmizlənməmiş ərazilərə keçdiyi müəyyən edilib.

Dron çəkilişləri vasitəsi ilə iyunun 16-da C.Hətəmxanovun cəsədinin rayonun Seyidli kəndi ərazisində aşkar edildiyi bildirilir.

DİN həmin şəxsin cəsədinin ərazidən götürülməsi istiqamətində Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birgə tədbirlərin davam etdirildiyini qeyd edir.

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə bildirib ki, ötən il müharibə başa çatdıqdan sonra 144 adam minaya düşərək ya həlak olub, ya da yaralanıb.

İşğaldan azad edilən ərazilər minalanıb və indi təmizlənmə əməliyyatı aparılır.

Azərbaycan iyunun 12-də Azərbaycanda saxlanılan 15 erməni əsiri verməklə Ağdamda basdırılan 97 min mina xəritəsini ala bilib.

Prezident bildirib ki, başqa bölgələrin də mina xəritələrini əldə etməyə çalışırlar, əks halda, minalardan təmizlənmə 10 il davam edəcək.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button