Gündəm

İyunun 10-dan karantin yumşalmaları başladı

İyunun 10-dan artıq Türkiyə və Rusiyadan hava yolu ilə Azərbaycana gəlmək mümkündür.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bunun üçün yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi COVID pasport və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiqləyən rəsmi sənəd təqdim olunmalıdır.

Eyni zamanda, 1 yaşdan yuxarı sərnişinlərin də uçuşdan öncə 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd verməsi tələb olunur. 1 yaşdan aşağı uşaqlar üçün belə tələb yoxdur.

İyunun 10-da Azərbaycanda çimərliklərdən istifadəyə, həmçinin “mall”arın, böyük ticarət mərkəzlərinin, idman və sağlamlıq-bərpa mərkəzlərinin fəaliyyətinə icazə verilir.

Həmçinin, dini ibadət yerlərinin fəaliyyəti də bəzi məhdudiyyətlə bərpa olunur. İbadət yerlərinə 50 nəfərdən çox şəxs daxil olmamalıdır. İbadət yerlərinə də peyvənd vurulmasına dair və ya immunitet sertifikatına malik şəxslərin buraxılmasına icazə veriləcək.

Son zamanlar Azərbaycanda rəsmi rəqəmlər koronavirusa yoluxma və ya xəstəlikdən ölüm sayının azaldığını göstərir və buna görə də hökumət karantin rejimi qaydalarında bəzi yumşalmalara gedir. Az öncə açıq havada maska taxmaq qadağasını ləğv etdi, metropolitenin və rayonlararası nəqliyyatın da işləməsinə icazə verildi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button