İqtisadiyyat

Keyfiyyətli su sağlamlığın təminatçısıdır: İçməli su seçərkən nəyə diqqət yetirilməlidir?

Uzunömürlülüyün sirri nədir? Yəqin ki, bu sualın minlərlə cavabı var, lakin tamamilə doğru olan cavablardan biri – saf və fizioloji cəhətdən təmiz sudur.
Krandan axan su artıq çoxdandır içməli su sayılmır. Son illər qablaşdırılmış su dünya miqyasında ən sürətlə artan seqment halına gəlib. Bu vəziyyət yalnız qlobal bazarda deyil, Azərbaycanda da müşahidə olunur. Ölkədə müxtəlif səbəblərdən içməli su istehlakında artım var – əhali artımı, iqlim dəyişikliyi və s. amillər. Digər tərəfdən su təchizatı şəbəkəsi köhnəlib və əhali bu problemin vacibliyini anlayır. Makroiqtisadi göstəricilərin yaxşılaşması və ev təsərrüfatlarının gəlirindəki artım sayəsində qablaşdırılmış suyun istehlak həcmi artır. Bu, öz növbəsində, yerli istehsalın artmasına və müvafiq olaraq idxal həcmlərinin azalmasına səbəb olur. Hazırda Azərbaycanda qablaşdırılmış suya olan illik tələbat 650 min ton təşkil edir.
Daxili bazarda kifayət qədər içməli su istehsal edən şirkətlər fəaliyyət göstərir. Onlardan biri artıq 15 ildir sözügedən sahədə liderliyini qoruyan “Slavyanka” və “Gədəbəy” markaları ilə bazarda tanınan “Gədəbəy Mineral Suları” MMC-dir (GMS).
Gədəbəy rayonu yalnız tarixi və qədim abidələri ilə deyil, həm də gözəl iqlimi, səfalı bulaqları ilə məşhurdur. Bu bulaqlardan biri rayonun Slavyanka kəndində yerləşən Novlu bulağıdır. Özünəməxsus xüsusiyyətlərə və müxtəlif faydalı minerallara malik bu bulağın suyu 2004-cü ildən “Gədəbəy Mineral Suları” tərəfindən “Gədəbəy” və “Slavyanka” markaları ilə istehsal olunur. Suya olan tələbatı nəzərə alaraq, 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunan fabrik istifadəyə verilib. 2014-cü  ildən isə limonad fabriki fəaliyyətə başlayıb. İstehsalatda 50 nəfərədək yerli sakin işlə təmin olunub.
Müəssisədə fəaliyyətdə olan iki fabrikdə 6  texnoloji xətt quraşdırılıb. Bu xətlərdə pet və şüşə butulkalarda 38 çeşiddə müxtəlif həcmli qazlaşdırılmış və qazlaşdırılmamış mineral su, limonad məhsulları istehsal olunur.
Azərbaycanın minerallarla zəngin suyu – Kiçik Qafqaz dağlarının suyudur
“Gədəbəy Mineral Suları” MMC-nin icraçı direktoru Adil Haqverdiyev: “Gədəbəyin təbiəti minerallarla zəngindir. Buranın dağları vulkan püskürmələri nəticəsində yaranıb. Məhz bu səbəbdən yerin qatındakı minerallar üzə çıxır. Bəzən elə bulaqlar olur ki, biz onları kəşf etsək də, istifadə etmirik. Çünki suyun tərkibində olan müəyyən metallar insan orqanizmi üçün zərərlidir. Bazarda təqdim etdiyimiz məhsullar keyfiyyətli, qiymət baxımından isə rəqabət qabiliyyətlidir. Müəssisəmizin ikinci istehsal sahəsində bir çox məhsul istehsal oluna bilər. Bu səbəbdən gələn il üçün yeni məhsul çeşidləri hazırlanacaq. Tələbatın artacağını gözləyirik. Qeyd edim ki, hazırda biz Qarabağda quruculuq işlərinə cəlb olunan bir çox şirkəti içməli su ilə təmin edirik”.
Adil Haqverdiyev əlavə edib ki, müəssisədə içməli qazlı və qazlaşdırılmamış sulardan əlavə, düşes, tərxun, üzüm, limon və feyxoa limonadları istehsal olunur. Əlavə olaraq, iki növ məhsulun da istehsalı gözlənilir ki, onlardan biri Gədəbəylə bağlı olacağı istisna edilmir. Bu, itburnu və yaxud qızılgül limonadı ola bilər. Bununla yanaşı, müəssisədə daha fərqli suların istehsalı nəzərdən keçirilir. Məsələn, son zamanlar populyarlıq qazanan soyuq qəhvə.
İstehsal prosesi ilə tanışlıq
“Gədəbəy Mineral Suları” MMC-nin su anbarı 8 bulaqdan qidalanır. Müxtəlif istiqamətlərdən axan sular iki boru xətti ilə fabrikdəki yeraltı membran örtüklə izolyasiya olunan 700 tonluq anbara filtrasiyadan keçərək daxil olur. Anbara saatda 25 kubmetr su daxil olur ki, bu su ehtiyatı istehsalda yarana biləcək tələbatı ikiqat ödəyə bilər.
Su borularının daxili hər ay təmizlənir. Bu, həm yarana biləcək mikrobioloji çirklənmənin, həm də bulaqdan gələn müəyyən çöküntülərin yaranmasının qarşısını alır. Daha sonra ikinci etapda su növbəti dəfə filtrlənərək ikinci anbara ötürülür. Burada Almaniya istehsalı olan 0,2 mikronluq ultra filtrlərdən istifadə olunur. Bu su anbarından çıxan su son dəfə filtrdən keçərək birbaşa boru ilə istehsalata ötürülür.
Fabrikin müdiri Nadir İbrahimovun sözlərinə görə, Gədəbəyin içməli suyunun tərkibi Qarabağ bölgəsindəki suyun tərkibi ilə eynidir. Suyun həm minerallığı, həm də turşu-qələvi balansı tələb olunan standartlara uğundur. Həmçinin suyun tərkibində metasilikat turşusu var ki, bu da həm böyrək həm də öd yollarına xeyri olan tərkibdir. Suyun minerallığı 180-dir, bu isə normalara tam cavab verir: “Perspektivdə istehsalın artırılması nəzərdə tutulur ki, bu da yeni bulaqların kəşf edilməsini zəruri edir. Hazırda fabrikin gündəlik istehsal gücü 250 min litdir. Bu göstərici 400 min litrədək artırıla bilər. Bunun üçün əlavə su mənbələrinə ehtiyac var”.
Keyfiyyətə nəzarət
Müəssisədə bütün istehsal prosesi İSO standartlarına (keyfiyyəti idarəetmə sisteminin tələblərinə) tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə Türkiyənin “Türk Standardları Enstitüsü” sertifikatlaşdırma təşkilatı tərəfindən İSO 14001-2004, İSO 22000-2005 və İSO 9001-2008 standartlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılıb. Bu isə “Slavyanka” və “Gədəbəy” suyunun yüksək keyfiyyətli istehsalının göstəricisi və xarici bazara çıxışının açarıdır.
Zavodun nəzdində suyun fiziki, kimyəvi və mikrobioloji analizlərin aparılması üçün laboratoriya fəaliyyət göstərir. Laboratoriyanın müdiri Şahmurad Quliyevin sözlərinə görə, məhsullar standartlara tam uyğun olaraq istehsal olunur. İstehsal olunan məhsul həmçinin AZS 216-2006 standartının tələblərinə cavab verir və məhsulların hər bir çeşidində dəyərlər qorunur: “Hər bir saatdan bir suyun fiziki və kimyəvi, həftədə bir dəfə isə mikrobioloji analizi aparılır. İstehsal olunan sudan hər gün nümunələr götürülərək müqayisə üçün saxlanılır. Laboratoriyamızda apara bilmədiyimiz analizləri AZS 216-2006 standartının tələbinə uyğun olaraq akkreditasiyadan keçən digər laboratoriyalarda aparırıq. Standartlara uğun gəlmədiyi anlar olduqda isə suyun istehsalı dayandırılır və zəruri tədbirlər görüldükdən sonra istehsalat bərpa olunur. Əlbəttə, belə olduğu halda, əgər istehsal dayandırılmasa, biz məhsullarımızın keyfiyyətini qoruyub-saxlaya bilmərik”.
İnsan bədəninin 80%-i sudan ibarət olduğunu nəzərə alsaq, sağlamlıq, iş qabiliyyəti və səmərəlilik əsasən istehlak olunan suyun keyfiyyətindən asılıdır. “Gədəbəy Mineral Suları” MMC mövcud olduğu illər ərzində bənzərsiz təcrübə qazana bilib. Müəssisənin bütün fəaliyyəti daima istehlakçıya, keyfiyyətinin qorunmasına və texnoloji prosesin yaxşılaşdırılmasına yönəldilib.
Çox mərhələli təmizləyici sistem və yüksək keyfiyyət standartları ilə “Gədəbəy” və “Slavyanka” içməli suları gündəlik istifadə üçün idealdır. Su, onun istehsalı və xüsusiyyətləri haqqında çox şey yazmaq olar. Lakin bir dəfə suyun necə istehsal edildiyini görmək daha yaxşıdır…

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button