Cəmiyyət

Kiyevdə Heydər Əliyevlə bağlı esse müsabiqəsinin nəticələri açıqlanıb – VİDEO

Kiyevdə Azərbaycanın 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı Ukraynanın ali təhsil ocaqlarının tələbələri arasında keçirilən “Heydər Əliyev: Liderlik fenomeni” adlı esse müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
“Report”un Şərqi Avropa Bürosunun məlumatına görə, əvvəlcə Azərbaycanın Ukraynadakı səfirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunan müsabiqənin iştirakçıları, səfirliyin əməkdaşları, Ukraynanın nüfuzlu ali təhsil ocaqlarının rəhbər heyəti Kiyevdə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ucaldılan abidəsi önünə tər çiçəklər düzüblər, xatirəsini yad ediblər.
Tədbiri giriş sözü ilə açan səfirliyin ikinci katibi Samir Allahverdiyev bildirib ki, esse müsabiqəsində iştirak edən ukraynalı tələbələrdən 200-ə yaxın məqalə qəbul olunub. Onlar arasında ən yaxşı 20 məqalə ekspertlər tərəfindən qiymətləndirilərək seçilib. İlk üçlükdə yer alan qalib müəlliflərə pul mükafatları, ilk onluğa və iyirmiliyə düşənlərə isə qiymətli hədiyyələr, eləcə də xatirə hədiyyələri təqdim edilir. Müsabiqənin münsiflər heyətində Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri, Xalq yazıçısı Elmira Axundova, Ukraynanın Əməkdar jurnalisti, yazıçı-publisist Viktor Vasilçuk, səfirliyin diplomatları Samir Allahverdiyev və Təranə Sadıqova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukrayna üzrə nümayəndəsi Marina Qonçaruk təmsil olunublar.

Tədbirdə çıxış edən səfir Elmira Axundova qeyd edib ki, müasir Azərbaycanın banisi və memarı Heydər Əliyevin xalqımız qarşısında xidmətləri ən yüksək qiymətə layiqdir: “Bu gün Azərbaycan dinamik şəkildə inkişaf edir, dünyada böyük nüfuza malikdir. Heydər Əliyev 90-cı illərin əvvəllərində yox olmaq üzrə olan Azərbaycanı xilas etdi. Heydər Əliyevin sayəsində Azərbaycan müstəqilliyini qorudu. Ulu Öndər dövlətçilik yaratdı, ölkəmizin durmadan inkişafını təmin edən güclü idarəetmə sistemi formalaşdırdı. Heydər Əliyevin xilas etdiyi Azərbaycanı bu gün prezident İlham Əliyev durmadan inkişaf etdirir. Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğalda olan torpaqlarımızı azad edib. Azərbaycan qalib dövlət olub”.

E. Axundova bildirib ki, səfirlik gələn il Heydər Əliyevlə bağlı “Liderlik fenomeni” kitabını çap edəcək və bu 200 esse ixtisarla həmin kitabda yer alacaq. Səfir qeyd edib ki, essedə Ukraynanın bütün regionlarından tələbələrin iştirakı və sayı bir daha göstərdi ki, Heydər Əliyev tək Azərbaycanın deyil, bəşəri liderdir: “Ulu Öndər böyük fenomendir, onun həyat və siyasi fəaliyyəti gənclər tərəfindən həvəslə araşdırılır. Təqdim olunan esselərin ana xətti ümummilli lider Heydər Əliyevin keçdiyi uğurlu həyat yolu, Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməsi, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan təcavüzkar siyasət və erməni separatizmi olub”.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair sənədli filmə baxdıqdan sonra tədbirdə çıxış edən digər iştirakçılardan Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Anton Nananov, Ukraynanın Əməkdar jurnalisti, yazıçı-publisist Viktor Vasilçuk, “Vsesvit” jurnalının baş redaktoru Dmitriy Drozdovskiy, “Ədəbi Ukrayna” qəzetinin redaktoru Sergey Kulida, Ukrayna Milli İncəsənət Akademiyasının Beynəlxalq elmi əlaqələr üzrə şöbə müdiri Lesya Smirna, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukrayna üzrə nümayəndəsi Marina Qonçaruk bu cür müsabiqələrin əhəmiyyətindən, Ulu Öndərin keçdiyi həyat yolundan danışıblar.

Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Birinci və ikinci yerə T.Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri Polina Orlova, Emilya Məmişova, 3-cü yerə Xarkov Milli Daxili İşlər Universitetinin tələbəsi Anastasiya Limarenko və Qərbi Ukrayna Milli Universitetinin tələbəsi Maryana Kurilo layiq görülüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button