İqtisadiyyat

KOB-ların təhsil, elm və tədqiqat layihələrinin maliyyələşdirilməsinə başlanılıb

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə başlanılıb.
“APA-Economics” xəbər verir ki, bu məqsədlə elan edilən ilk müsabiqənin qalibləri ilə müqavilələr imzalanıb.
Ümumilikdə, müsabiqəyə 329 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 129-u hüquqi, 193-ü fiziki şəxslərə, o cümlədən 319-u mikro və 3-ü kiçik sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunan layihələrdən 128-i təhsil, 99-u dəstək, 32-si tədqiqat, 5-i elm, 65-i isə çoxsahəli layihələrdir. Ekspert Komissiyasının kollegial qərarına uyğun olaraq 15 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Layihələr yanacağa qənaət, beynəlxalq sertifikatların və patentlərin alınması, qadınların məşğulluğunun təmin edilməsi, müxtəlif qurğuların və proqram təminatının hazırlanması, təkrar emal, tullantısız istehsal istiqamətlərini əhatə edir. Hər layihənin ayrı-ayrılıqda maliyyələşdirilməsi üçün minimum 14 min manat, maksimum isə 20 min manat həcmində vəsait ayrılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, müsabiqənin qalibləri əlavə dəstək kimi KOBİA-ya müraciət edərək “Startap” şəhadətnaməsi ala bilərlər. “Startap” şəhadətnaməsi müsabiqə qaliblərini 3 il müddətinə innovativ fəaliyyətdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button