Cəmiyyət

Komitə sədri vətəndaşlara çağırış edib: “Hindistan ştammı yayılır, qaydalara əməl etməliyik”

“Azərbaycanda koronavirusla mübarizə sistemli şəkildə və uğurla davam etdirilir. Bu məsələ Prezident İlham Əliyevin daim diqqəti və nəzarəti altındadır”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O xatırladıb ki, son vaxtlar ölkədə COVID-19-a yoluxma sayında ciddi azalma müşahidə olunur: “Ölüm halı isə demək olar ki, yoxdur. Hesab edirəm ki, ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi həyata keçirilən effektiv tədbirlərin nəticəsidir. Ölkəmizdə bu ilin yanvarından vaksinasiya prosesinə başlanılıb. Azərbaycan hökuməti dünyada mövcud olan yüksək rəqabət, vaksin qıtlığı şəraitində öz əhalisinin tələbatını ödəmək üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunmuş vaksinlərin ölkəyə gətirilməsini təmin etdi. Məhz bunun nəticəsində də xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına imkanlar yarandı. Belə ki, artıq ictimai iaşə obyektləri, təhsil müəssisələri, alış-veriş mərkəzlərinin açılması barədə qərarlar verilib. İyulun 1-dən isə toy və nişan mərasimlərinin keçirilməsinə icazə veriləcək. Amma bütün bunlar bizi ehtiyatsız davranmağa sövq etməməlidir. Hələ koronavirs epidemiyası davam edir və onun yeni növləri aşkara çıxır”.

Komitə sədri bildirib ki, son günlərdə Azərbaycana qonşu ölkələrdə COVID-19-un Hindistan ştammı çox sürətlə yayılır: “Artıq bu ştamm Rusiya, Gürcüstan, Ukrayna, Böyük Britaniya və s ölkələrdə sürətlə yayılır. Bu ölkələrdə koronavirusun növbəti dalğasının başlayacağı gözlənilir. Bu hal bizi ehtiyatlı olmağa vadar etməlidir. Hər birimiz qoyulan qayda və qanunlara ciddi şəkildə riayət etməliyik. Mən bir həkim olaraq tövsiyə edirəm ki, hər altı aydan bir revaksinasiya aparılsın. İnsanlarımız vaksin olandan sonra tam arxayınlaşmasınlar. Toylar da başlayır. Yəqin ki, yas mərasimlərinin təşkilinə də müəyyən qaydalara riayət etməklə icazə veriləcək. Hesab edirəm ki, vətəndaşlarımız daha fəal şəkildə vaksinasiya prosesinə qoşulmalı, özlərini qorumalı, sanitar-epidemioloji qaydalara əməl etməlidirlər. Əks-təqdirdə virus yenidən yayılacaq. Bu da yenidən məhdudiyyətlərin tətbiq olunması məcburiyyəti yaranacaq”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button