Dünya

Koreya liderinin bacısı: “ABŞ-la danışıqların bərpası yalandır”

“ABŞ-ın Şimali Koreya ilə danışıqlara başlaması yalandır və bu, böyük məyusluğa səbəb olacaq”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Şimali Koreyanın lideri Kim Çen Inın bacısı, hakim Koreya Əmək Partiyası Mərkəzi Komitəsində şöbə müdirinin müavini Kim Yo Çjon bildirib.
“ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə koməkçisi Cek Sallivan partiyamızın Mərkəzi Komitəsinin plenumunda Birləşmiş Ştatlara münasibətimizin “maraq siqnal” olduğunu bildirdiyinə dair məlumat yayılıb. Koreya atalar sözündə bildirildiyi kimi, “hər şey yozulmaqdan asılıdır” (Azərbaycan atalar sözü: “Karın könlündəki”nə uyğun gəlir). Görünür ABŞ bizim mövqeyimizi özlərini sakitləşdirmək üçün belə yozur. Yanlış gözləmə onları daha çox məyus edər”, – onun Şimali Koreya Mərkəzi Teleqraf Agentliyində dərc edilən şərhində vurğulanıb.
Kim Çen In sədri olduğu Əmək Partiyasının plenumunda bildirilmişdi ki, rəsmi Pxenyan ABŞ-la danışıqlara hazır olduğu kimi, qarşıdurmaya da hazır olmalıdır.
Bundan sonra Cənubi Koreya ABŞ-la Şimali Koreya və yarımadadakı iki dövlət arasında tezliklə danışıqların başlayacağına ümid etdiklərini vurğulamışdı. ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Son Kim cənubi koreyalı həmkarı No Qyu Dokla danışıqlardan sonra bildirmişdi ki, Vaşinqton danışıqların bərpası ilə bağlı Pxenyandan müsbət cavab gözləyir.
Qeyd edək ki, Kim Yo Çjon qardaşının yerinə hazırlanır. 32 yaşlı Kim Yo Çjonu ölkə ictimaiyyəti ilk dəfə 10 il əvvəl, 2011-ci ildə atası Kim Çen İrin dəfnində qardaşı Kim Çen Inın yanında görüb. Bundan iki il sonra onun adı hakim Əmək Partiyasının Mərkəzi Komitəsinin yüksək vəzifəli məmurları sırasında çəkilməyə başlanıb. O, Koreya Əmək Partiyasının Təbliğat və təşviqat bölməsi rəisinin birinci müavinidir.
Kim Yo Çjon 2017-ci ildə Ali Xalq Məclisinə deputat seçilib. Sonrakı illərdə Kim Yo Çjon dövlət əhəmiyyətli tədbirlərdə və görüşlərdə qardaşını müşayiət edib. ABŞ-Şimali Koreya danışıqlarında aparıcı fiqurlardan olub. O, Kim Çen Inla ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında keçirilən görüşlərin hamısında iştirak edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button