Mədəniyyət

Lənkəran teatrı açıq havada yubiley tamaşası təqdim etdi (FOTO)

Bakı. Trend:
Cənub bölgəsinin mədəniyyət beşiyi Lənkəran teatrı 130 yaşını qeyd etdi
Teatrların ənənəvi bağlanış günü olan İyulun 15-də Lənkəran Dövlət Dram Teatrı 130-cu teatr mövsümünə yekun vurdu. Bu dəfə yubiley ili ilə əlaqədar olaraq bağlanış mərasimi teatrda deyil, təbiət qoynunda keçirildi.
Trend xəbər verir ki, teatrın yaradıcı heyəti Astarada Burzubənd kənd tam orta məktəbində pandemiya şərtlərinə uyğun olaraq açıq havada teatrsevərlərin görüşünə gəldi. Məktəbin həyətindən Astaranın təbiəti xalı kimi gözlər önünə sərilmişdi. Təbiət qoynunda mövsüm bağlanışı teatrın repertuarında sevilən tamaşalardan olan Cəfər Cabbarlının “Vəfalı Səriyyə”-əsəri nümayiş oldundu.
Mövsümünbağlanış mərasimidə Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov tamaşaçıları salamlayaraq ötən illər ərzində görülən işlərdən, əldə edilən uğurlardan danışdı. Cari mövsümdə onlayn tamaşaların təqdim edilməsindən və audio, videoçarxların hazırlanmasından bəhs edərək keçmişə bir nəzər saldı: “Lənkəran Teatrının yaradılması 1973-cü il dekabrın 6-na təsadüf edib. Ulu öndər bütün fəaliyyəti dövründə mədəniyyətimizin və incəsənətimizin inkişafı istiqamətində bir sıra layihələrin həyata keçirilməsində əlindən gələni əsirgəməyib. Lənkəranda ikinci dəfə professional teatrın təşkil edilməsi də onun təşəbbüsü ilə gerçəkləşib.Həmin vaxtdan ötən 48 ildə teatrımızda 250-dən çox əsərə səhnə həyatı verilib. Teatr nəinki respublikamızda, eyni zamanda bir sıra ölkələrdə, o cümlədən Özbəkistanda, Gürcüstanda qastrol səfərlərində olub, qardaş Türkiyənin İstanbul, Ankara, Dənizli və Konya şəhərlərində, İran İslam Respublikasında keçirilən beynəlxalq festivallarda uğurlar qazanıb. Teatrda səhnəyə qoyulan Üzeyir Hacıbəylinin “Olanlardan-keçənlərdən” və Cəlil Məmmədquluzadənin “Ölülər” əsərlərinin tamaşaları Azərbaycan Televiziyasının “qızıl fond”una daxil edilib”.
Teatrın direktorugələcək fəaliyyətlərinə də nəzər saldı: “İnşallah, hamılıqla pandemiyanı dəf edəndən sonra teatrımızın repertuarının ana mövzusu Qarabağın, şanlı Ordumuzun, cəsur əsgərlərimizin və canlarını Vətən uğrunda fəda etmiş qəhrəman şəhidlərimizin vəsfi olacaq. Bu mövzuda tamaşa hazırlamaq üçün respublikamızın tanınmış rejissoru ilə danışıqlar aparmışıq. Ümid edirəm ki, bu tamaşa həm də Lənkəran teatrının 130 illik yubileyinə əsl töhfə olacaq. Fikrimiz var ki, bu tamaşa ilə həmçinin qastrol səfərlərinə çıxaq. Fürsətdən istifadə edərək kollektivimiz adından ölkə başçısını, Mədəniyyət Nazirliyinin rəhbərliyini əmin etmək istəyirəm ki, teatr sənətinin inkişafı, gənc nəslin mənəvi tərbiyəsi üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcək, günün tələblərinə cavab verən yüksək səviyyəli tamaşalar hazırlayacağıq. Növbəti mövsümdə başlıca məqsəd 44 günlük müharibədə qazandığımız qələbənin 1 illiyi ilə bağlı Azərbaycan Ordusunun sarsılmaz gücündən, əsgər və zabitlərimzi şücaətindən bəhs edən yeni tamaşaların hazırlanması olacaq. Bu məqsədlə yazıçı və dramaturqlarla yeni pyeslərin hazırlanması üçün işbirliyi aparılır”.

Daha sonra Astara Rayon İcra Hakimiyyəti başçısının müavini,ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova çıxış edərək Lənkəran Teatrının cənub bölgəsində apardığı mədəni layihələrdən bəhs etdi. 130 yaşlı teatrın keçdiyi tarixə nəzərə salıb, onlara uğurlar arzuladı. Teatrın kollektivinin burada gördüyü işlərin təqdirə layiq olduğunu vurğulayaraq icra başçısı Qəzənfər Ağayevin təbrikini çatdırdı.
Firəngiz Sadıqova çıxışını bitirdikdən sonra teatrın yaradıcı heyətinin bir neçə üzvünə İcra Hakimiyyətinin fəxri fərmanlarını təqdim etdi. Belə ki, teatrın yaradıcı heyətindən Əməkdar artist Sücəddin Mirzəyev, Səyad Əliyev, Emin Fərzullayev mükafatla təltif edildilər.
Daha sonra açıq havada qurulan səhnədə Cəfər Cabbarlının “Vəfalı Səriyyə” əsəri nümayiş edilib. Quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov olan səhnə işində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sücaəddin Mirzəyev, aktyorlardan Aynur Əhmədova, Səyad Əliyev, Qızılgül Quliyeva, Əbülfəz Axundov, Miraslan Ağayev, Emin Fərzullayev, Tərlan Abdullayev, Təranə Fərəcova və Amil İbrahimli ifa etdilər.

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button