Dünya

Mədəniyyət naziri Tbilisidəki Azərbaycan teatrı üçün yeni binanın layihəsi ilə tanış olub

Gürcüstanda rəsmi səfərdə olan mədəniyyət naziri Anar Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına baş çəkib.
“Report”un yerli bürosu xəbər verir ki, nazir mədəniyyət ocağının fəaliyyəti və yerləşdiyi binanın vəziyyəti ilə tanış olub.
Bədii rəhbər Turqay Vəlizadə məlumat verib ki, 814 kvadrat metr sahəyə malik bina teatr üçün yararsızdır. O, binada yalnız məşqlərin keçirildiyini, tamaşaların isə icarə əsasında Gürcüstanın digər dövlət teatlarının səhnələrində nümayiş etdirildiyini bildirib. T.Vəlizadə il ərzində 3-4 tamaşanın səhnələşdirildiyini, beynəlxalq teatr festivallarına qatıldıqlarını, mədəniyyət ocağına teatr sənətinə həvəsi olan azərbaycanlı gənclərin cəlb olunduğunu qeyd edib.
A.Kərimov teatrın səhnələrinə, qarderob və rekvizitlərin saxlanıldığı otaqlara baxış keçirib, truppa üzvləri ilə görüşüb.
Qonaqlara teatrın kiçik səhnəsində Əziz Nesinin “Öldür məni sevgilim” əsəri əsasında hazırlanmaqda olan tamaşadan bir hissə təqdim olunub.
Nümayəndə heyəti daha sonra teatr üçün Azərbaycanın Gürcüstandakı səfirliyinin binası yaxınlığında yeni binanın inşa olunacağı əraziyə baş çəkib. Nazir yeni tikilinin “Socar Energy Georgia” şirkətnin dəstəyi ilə hazırlanan layihəsi ilə tanış olub. Məlumat verilib ki, inşaat işləri zamanı ərazidə yerləşən köhnə hamam binası da tarixi görkəminə uyğun bərpa olunacaq və məkanda sərgi zalları yaradılacaq.
A.Kərimovu Gürcüstanın mədəniyyət, gənclər və idman nazirinin I müavini Kaxa Sixarulidze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və “Socar Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov müşayiət edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button