Cəmiyyət

Yeni təyin edilən xidmət rəisləri kimlərdi? – dosye

Orxan Faiq oğlu Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısıbıb digər sərəncamı ilə Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Orxan Faiq oğlu Nəzərli 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.

Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlayıb, 2005-2015-ci illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən birində müxtəlif vəzifələrdə çalışıb.

 

 

2014-cü ildə ABŞ-ın Alyaska ştatında sertifikasiyadan keçib “Certified Public Accountant” lisenziyası alıb.

2015-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışıb.

2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Orxan Nəzərli 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. Ailəlidir, 3 övladı var.

 

 

Bu gün eyni zamanda Mətin Balasən oğlu Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Mətin Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, M.Eynullayev 1975-ci il martın 22-də Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

“Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiəsi Fondunda baş hüquqşünas, İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.

2013-2016-cı illərdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışıb. Dövlət başçısının 2015-ci il 22 iyun tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Prezidentin 2017-ci il 11 yanvar tarixli sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. Dövlət başçısının 2018-ci il 17 yanvar tarixli sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.

M.Eynullayev bu təyinatadək Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisinin səlahiyyətlərini icra edirdi.

O, dövlət qulluğunun kiçik müşaviridir. Ailəlidir, 2 övladı var.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button