Dünya

Marneulidə Azərbaycanın Respublika Gününə həsr olunan konsert keçirilib

Gürcüstanın Marneuli şəhərində 26 May – Gürcüstanın Müstəqillik Günü və 28 May – Azərbaycanın Respublika Gününə həsr olunan tədbir təşkil olunub.
“Report”un yerli bürosu xəbər verir ki, mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, Kvemo Kartli regionunun qubernatoru Şota Rexviaşvili, Gürcüstanın Xarici İşlər və Mədəniyyət, İdman və Gənclər nazirliklərinin nümayəndələri, Gürcüstan parlamentinin üzvləri Zaur Darğallı və Savalan Mirzəyev, Marneuli meriyasının nümayəndələri, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) rəhbəri Lev Spivak və digər şəxslər iştirak ediblər.
F.Quliyev çıxışında Azərbayanın Respublika Gününün Gürcüstanda xüsusilə qeyd olunduğunu deyib. O, 103 il bundan öncə məhz Tbilisidə müsəlman Şərqində ilk demokratik respublikanın elan edildiyini xatırladıb.
Diplomat Azərbaycan və Gürcüstan arasında əlaqələrin tarixi köklərindən və ölkələr arasındakı hazırkı münasibətlərdən söz açıb. O, iki dost və yaxın ölkə arasında dostluq əlaqələrinin bu gün də davam etdirildiyini qeyd edib.
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin Respublika Gününün qeyd edilməsinə ikiqat sevinc qatması vurğulanıb.
Sonra çıxış edən Ş.Rexviaşvili və Gürcüstan rəsmiləri Azərbaycan xalqını dövlət bayramı münasibətilə təbrik edərək qeyd ediblər ki, bu gün dost və qardaş Azərbaycanla yanaşı Gürcüstan üçün də önəmli tarixdir. Natiqlər bildiriblər ki, hər iki xalq əsrlər boyu dostluq ediblər və bu əlaqələr bu gün inkişaf etdirilir. Onlar Azərbaycan xalqına əmin-amanlıq və çiçəklənmə diləyiblər.
Çıxışlardan sonra təqdim olunan konsert proqramında gürcü rəqs qruplarının ifasında Azərbaycan və gürcü milli rəqsləri nümayiş etdirilib. Aşıq Nargilə Mehtiyeva və “İaloni” ansamblının nəğmələri, “Fire show” qrupunun təqdimatında “Natiq ritm qrupu”nun “Qarabağ” kompozisiyasının sədaları altında alov şousu və kikboksinqçi obrazında olan “canlı heykəllər” böyük maraqla qarşılanıb.
Sənət ustalarının çıxışlarından sonra Gürcüstan və Azərbaycanın dövlət bayramlarına həsr olunan mayın 26-dan start götürən kikboksinq turnirinin qalibləri mükafatlandırılıb, onlara medal və kuboklar təqdim edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button