Dünya

MDB ölkələrinin ATƏT-dəki nümayəndələri nasizmi pisləyən bəyanatla çıxış ediblər

MDB ölkələrinin, o cümlədən Azərbaycanın ATƏT-dəki daimi nümayəndələri nasist hərəkatının və nasizmin qəhrəmanlaşdırılmasını pisləyən bəyanatla çıxış ediblər.
Bu barədə “Report” xəbər verir.
“2021-ci il iyunun 22-də Hitlerin Üçüncü Reyxinin SSRİ-yə xaincəsinə hücum etməsinin 80 ili tamam olur. Bu, dünya tarixinin ən kədərli, lakin qəhrəmanlıqla dolu səhifələrindən biridir… Nasistlərin törətdikləri cinayətlər, o cümlədən Holokost faciəsi Sovet İttifaqının bütün xalqlarına və dünyada milyonlarla insana ağır yaralar vurub. Bu böyük humanitar faciə öz irqi üstünlüyünə, müstəsnalığına və digər ölkə və xalqların talelərinə təkbaşına hökm vermək hüququna malik olduğuna inananların aqressiv hərəkətlərinin nəticəsidir”, – bəyanatda deyilir.
Diplomatlar qeyd ediblər ki, hazırda bu dəhşətli müharibədən çıxarılan dərslərin yadda çıxarılmasına, onun nəticələrinə təhrif olunmuş mənəvi və hüquqi rəy verilməsinə, qurbanların və cəlladların, xilaskarların və işğalçıların hüquqlarının bərabərləşdirilməsinə, Nürnberq tribunalının qərarlarının sual altına qoyulmasına həyasızcasına səylər göstərilir.
“Ardıcıl və qəti şəkildə İkinci Dünya Müharibəsi dövründə baş vermiş hadisələrə və onun yekunlarına yenidən baxılması, nasizmə don geydirilməsi və onun tərəfdarlarının dəhşətli cinayətlərinə haqq qazandırılması cəhdlərinə qarşı çıxırıq.
Neonasizm hərəkatının istənilən formalarını və “Vaffen-SS” təşkilatının keçmiş üzvlərinin qəhrəmanlaşdırılmasını pisləyirik. Bunu, nasizm və faşizmlə mübarizədə döyüş meydanlarında həlak olmuş, həbsxanalarda nasistlər tərəfindən işgəncələrə məruz qalmış, həbs düşərgələrində yandırılmış və boğulmuş milyonlarla insanın ələ salınması hesab edirik. İnsanlığa qarşı nifrət bəsləyən yeni ekstremist ideologiyaları yaymağa çalışanlar üçün münbit zəmin yaratmaq yolverilməzdir. İnanırıq ki, konyunktur maraqlara görə bu cür hallara göz yummaq olmaz, onlarla qəti surətdə mübarizə aparmaq lazımdır”, – bəyanatda bildirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button