Gündəm

Mkrtiçyan və Xosrovyanın işi məhkəmədə

Azərbaycanda iki Ermənistan vətəndaşı hakim önünə çıxarılacaq.

Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Bunlar Lüdvik MkrtiçyanAlyoşa Xosrovyandır. L.Mkrtiçyanın 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndində, A.Xosrovyanın isə ondan 17 gün əvvəl saxlandığı bildirilir.

Onlar əvvəllər müxtəlif illərdə bir sıra cinayətlərdə ittiham edilir: “Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən …barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”.

Bildirilir ki, bu gün, mayın 20-də iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bu açıqlama və ittihamlara, hələlik, saxlanan şəxslərdən, onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button