İqtisadiyyat

Nəsimi rayonunda beş küçə təmir olunub, digərlərində işlər davam etdirilir

2021-ci ilin investisiya proqramına uyğun olaraq, Bakı şəhəri üzrə təmirə ehtiyacı olan küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər həyata keçirilir.
AAYDA-dan “APA-Economics”ə verilən məlumata görə, Nəsimi rayonu ərazisində də bu istiqamətdə genişmiqyaslı təmir-tikinti işlər davam etdirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan küçə və yollarda aparılır.
Məlumata görə, cari ildə rayon üzrə ümumi olaraq 6 km ərazidə yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bir müddətdir bu istiqamətdə təmir-tikinti işləri davam etdirilir, küçə və yollar əsaslı şəkildə yenidən qurulur. Artıq rayonun ümumi uzunluğu 3 km-dən çox olan Feyzulla Qasımzadə, Abbas Səhhət, İmran Qasımov, İbrahim Əbilov və Balababa Məcidov küçələrində təmir işləri yekunlaşıb.
“Hazırda Nəsimi rayonu üzrə uzunluğu 800 metr olan Möhsün Sənani küçəsində təmir işləri son mərhələ üzrə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub”, – məlumatda qeyd olunur.
Eni ortalama 9 metr təşkil edən küçə uzun müddət təmir olunmadan istismar olunduğundan hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib.
Bundan başqa yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Bunun ardınca küçə boyunca zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib.
Ardınca layihəyə uyğun olaraq “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Təmir-tikinti işləri çərçivəsində küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemləri də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Ümumilikdə təmir işlərinin aparıldığı ümumi sahə 7 min kv.m. təşkil edir.
Hazırda qeyd olunan ərazidə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.
Görülən işlərin ardıcıllığına uyğun olaraq rayon üzrə Ceyhun Səlimov və Alı Mustafayev küçələrinin də təmiri icra olunacaq.
Növbəti Sərəncam və İnvestisiya Proqramları çərçivəsində isə rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da işlərin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nəsimi rayonu üzrə 10 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button