Cəmiyyət

Nailəxanım İsayevanın xatirəsini əbədiləşdirmək üçün tədbirlər həyata keçiriləcək

Xəzər Universitetində tanınmış pedaqoq Nailəxanım İsayevanın xatirəsini əbədiləşdirmək üçün tədbirlər həyata keçiriləcək
Xəbər verildiyi kimi, tanınmış pedaqoq, təhsil təşkilatçısı, “Dünya” məktəbi və Xəzər Universitetinin həmtəsisçisi Nailəxanım İsayeva 2021-ci il aprelin 3-də vəfat etmişdir.
Nailəxanım İsayeva 1947-ci il mayın 29-da Quba şəhərində anadan olmuşdur. SSRİ-nin 50 illiyi adına Rus dili İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirmiş, orta məktəblərdə və Xəzər Universitetində rus dilini tədris etmişdir.
Nailəxanım İsayevanın həyat və fəaliyyəti “Dünya” məktəbi ilə sıx bağlı olmuşdur. Azərbaycanda ilk özəl universitet olan Xəzər Universitetinin nəzdində 1998-ci ildə onun həmtəsisçiliyi ilə yaradılmış “Dünya” məktəbinin qurulması və təşəkkülündə böyük əmək sərf etmişdir. Onun rəhbərliyi altında məktəb Azərbaycan orta təhsil sistemində yenilikçi tədris ocağı kimi şöhrətlənmiş, ictimai nüfuz qazanmışdır. 2009-cu ildə “Dünya” məktəbi Beynəlxalq Bakalavriat Təşkilatı – International Baccalaurate Organization -IBO-nun üzvlüyünə qəbul edilərək, beynəlxalq status almışdır. “Dünya” məktəbi 2012-2013-cü tədris ilində Azərbaycanda “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür.
Nailəxanım İsayeva 2010-cu ildən Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri idi.
Nailəxanım İsayeva pedaqoji fəaliyyəti ilə yanaşı istedadlı musiqiçi idi, gözəl mahnılar bəstələmiş, mahnıları görkəmli müğənnilər tərəfindən ifa edilir.
Azərbaycan və dünyanın yaxın və uzaq ölkələrindən, Avropa, Asiya, Amerika, Afrika və Avstraliyadan Nailəxanımı tanıyan görkəmli şəxslər və sadə insanlar dərin hüzn içində professor Hamlet İsaxanlıya başsağlığı verməyə davam edirlər. Hamlet İsaxanlı bu dərdə şərik olan hər kəsə minnətdarlığını bildirir.
Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurası Nailəxanım İsayevanın xatirəsini əbədiləşdirmək üçün bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırmışdır.
1. Qız və qadınların ali təhsil almasına kömək etmək üçün Nailəxanım fondu və onun verəcəyi Nailəxanım təqaüdü təsis ediləcək. Fondun maliyyə dəstəyi Xəzər Universiteti və Nailəxanımın ailəsi və dostları tərəfindən təmin ediləcək.
2. Nailəxanım haqqında dost, həmkar və tanışların yazdığı xatirələr kitabı, həyat və fəaliyyətini əks etdirən şəkilli albom-kitab, yazdığı musiqilərin fortepiano, vokal və kamera orkestri üçün not kitabı hazırlanıb, çap ediləcək.
3. Nailəxanım İsayevanın müəllifi olduğu mahnıların tanınmış müğənnilər və qruplar tərəfindən ifası müsiqi albomu şəklində hazırlanaraq, youtube və digər qaynaqlarda nümayiş etdirilməsi, həyat və fəaliyyətini əks etdirən videomaterialların sistemə salınaraq, yeni tərtibatda filmlər hazırlanması qərara alınmışdır.
4. Dünya məktəbində Nailəxanım muzeyi yaradılacaq, büstü qoyulacaq, Xəzər Universiteti mədəniyyət mərkəzi Nailəxanım Mədəniyyət Mərkəzi adlandırılacaq; orada büstü qoyulmaqla Nailəxanım güşəsi yaradılacaq.
Bu tədbirlərin həyata keçirilməsi üçün məsul şəxslər, qruplar təyin edilmiş və fəaliyyətə başlanılmışdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button