İqtisadiyyat

Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib

Bu gün Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib.
APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Bildirilib ki, stansiyanın layihələndirilməsi və qurulması Energetika Xidmətinin mütəxəssisləri, tikinti-quraşdırma işləri isə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən qısa müddətdə və yüksək keyfiyyətlə aparılıb. Burada hər birinin gücü 280 vatt olan 3520 müasir aliminium çərçivəli günəş paneli, 50 kilovatt gücü olan 20 invertor, 11 ədəd 10 kilovatt gücü olan invertor-controller, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları quraşdırılıb. Daxilində 10/0,4 kilovoltluq transformator, 10 kilovoltluq qapalı paylayıcı və 0,4 kilovoltluq paylayıcı və idarəetmə otaqları inşa edilib. Alçaq və yüksəkgərginlikli, eləcə də rabitə, müşahidə və idarəetmə sistemləri üçün kabel xətləri çəkilib, ərazi çəpərlənib, stansiya 10 kV-luq “6-saylı şəhər” hava elektrik verilişi xəttinə qoşulub. Burada il ərzində 1,6 milyon kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulub. Külək potensialını ətraflı araşdırmaq üçün daha 7 ədəd 10 kilovatlıq külək turbini sifariş olunub gətirilib və 6-sı quraşdırılıbdır. Ümumilikdə, stansiyada 11 külək turbini quraşdırılıb.
Ali Məclisin sədri yeni qurulacaq Culfa yarımstansiyasının layihəsinə baxıb, işlərə başlanılması barədə tapşırıq verib.
Culfa rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev yaradılan şəraitə görə rayon sakinləri adından Ali Məclisin sədrinə minnətdarlıq edib.
Ali Məclisin sədri Culfa rayonunun Yaycı kəndinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı layihənin hazırlanması barədə tapşırıq verib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button