Gündəm

Nazir tələbələrə veriləcək kreditlərdən danışdı

Təhsil naziri Emin Əmrullayev iyunun 18-də yeni yaradılan Təhsil Tələbə Kredit Fondu və təhsil kreditləri ilə bağlı mətbuat konfransı keçirib. O bildirib ki, Fond və kreditlər gəlir üçün deyil, sosial qruplara aid olan tələbələrin təhsilini maliyyələşdirmək üçün nəzərdə tutulub.

Nazirin sözlərinə görə, yeni yaradılan Fond, əsasən, dövlət hesabına maliyyələşəcək, 80 milyon manatlıq nizamnamə kapitalı təyin olunub.

Kreditlər, əsasən, iki qrupa veriləcək – sosial baxımdan həssas tələbə qruplarına (onlara 2 faiz civarında kreditlər veriləcək) və standart, sosial həssas qruplara aid olmayanlar (həmin tələbələr üçün daha böyük faiz müəyyənləşəcək).

Nazir deyir ki, söhbət 900 manatdan 9 min manatadək illik təhsil haqqının kreditin köməyi ilə maliyyələşdirilməsindən gedir. Faizlərin və ödəmələrin məbləğində ali təhsil müəssisəsinə giriş və kursdan kursa keçid ballarının nəzərə alınacağı vurğulanır: “Tələbə yaxşı oxuyursa, kreditin qaytarılmasına və kreditin miqdarına baxıla bilər”.

E.Əmrullayevin sözlərinə görə, təhsil krediti alanlar 20 il ərzində borcu hissələrlə qaytara biləcəklər, borcu geriyə qaytarmaq imkanı olmadıqda onlara Fond tərəfindən möhlət verilə bilər. Nazir təhsil kreditlərinin tələbəyə deyil, onun oxuduğu ali təhsil müəssisəsinə veriləcəyini bildirib.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button