İqtisadiyyat

NRYTN-nin beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 10-cu yerə yüksəlib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), Bakı Dövlət Universitetinin nəzdində olan Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu və AMEA-nın təsisçiliyi ilə dərc edilən, “Web of Science” bazasının Q1 siyahısında yer alan “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama Riyaziyyatı) beynəlxalq jurnalının təsir əmsalı (Impact Factor) 2.354-dən 3.898-ə qalxıb, 5 illik təsir əmsalı isə 2.752 olub.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, dünyanın tanınmış universitet və elmi tədqiqat mərkəzlərində çalışan alimlər öz əsərlərində jurnalda nəşr olunan məqalələrə istinad edirlər. Bu istinadların sayı da jurnalın qeyd olunan reytinqini müəyyən edir.
Jurnal dünyada riyaziyyat, tətbiqi riyaziyyat kateqoriyası üzrə yer alan 265 beynəlxalq nəşr arasında 10-cu, Avropa İttifaqında isə 8-ci yerdə qərarlaşıb. MDB ölkələri sırasında isə jurnal öz liderliyini qoruyub saxlayır. Beynəlxalq elmi jurnalın redaksiya heyətinə dünyanın 20 ölkəsindən 38 görkəmli alim daxildir.
Bu günədək 51 nömrəsi çap edilən jurnalda dünyanın 50-dən çox ölkəsini təmsil edən müəlliflərin 500-dən artıq məqaləsi dərc olunub.
Qeyd edək ki, 2008-ci ildə jurnal “Thomson Reuters” agentliyinin (indiki “Clarivate Analytics”) “Science Citation Index Expanded” siyahısına daxil edilib. Bu təşkilatın illik hesabatına əsasən (2009 Journal Citation Reports) 2010-cu ildə Azərbayan elm tarixində ilk dəfə olaraq jurnal 0.633 təsir əmsalına layiq görülüb.
Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap edilir. Nəşr olunduğu 19 il ərzində jurnal 50-dən çox ölkənin 250-dən artıq universitet və elmi müəssisəsi ilə mübadilə həyata keçirib.
Qeyd edək ki, jurnalın fəxri redaktoru İllinois Universitetinin (ABŞ) professoru Tamer Başar, baş redaktorları – Bakı Dovlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın Rəyasət Heyətinin üzvü, akademik Fikrət Əliyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Ukrayna MEA-nın Mexanika Problemləri İnstitutunun professoru Vladimir Larindir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button