İqtisadiyyat

Pakistanla neft-qaz ticarətində tərəfdaşlığı gücləndirmək əzmindəyik

Bütün sahələrdə olduğu kimi, neft-qaz əməliyyatları sahəsində də Azərbaycanın Pakistanla səmərəli və səmimi münasibətləri var.
Bunu “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov şirkətin mayeləşdirilmiş qaz (LNG) və neft məhsulları tədarükü sahəsində Pakistana təqdim etdiyi təklifi cavabsız qalması və bunun SOCAR tərəfindən birmənalı qəbul olunmadığı ilə bağlı xarici mətbuatda yayılan məlumatları şərh edərək bildirib.
“Son günlər bəzi media orqanlarında bu mövzu ilə bağlı yayılan məlumatlar qardaş Pakistanın dövlət qurumları ilə əməkdaşlığımızın gerçək vəziyyətini əks etdirmir”, – deyə İ. Əhmədov qeyd edib.
Belə ki, Pakistan mətbuatının yaydığı məlumata görə, SOCAR Pakistan hökumətinə hökumətlərarası saziş əsasında il ərzində neft məhsulları və LNG tədarükü üçün 220 mln. ABŞ dollarından çox iki kredit xətti təklif edib. Sözügedən məbləğin 120 mln. dolları LNG-nin, 100 mln. dolları isə neft məhsullarının payına düşür. Lakin Pakistan hökumətindən bu təkliflə bağlı heç bir cavab gəlməyib. Bununla əlaqədar SOCAR rəsmisi Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeyə sözügedən təkliflə bağlı Pakistanın cavabı ilə maraqlanmağa çağırıb.
Bundan başqa, Pakistan mediası ölkənin Energetika Nazirliyinə istinadən qeyd edib ki, SOCAR-ın LNG üzrə təklifində istifadə edilməməsi qiymətin xeyli “yüksək olması” və digər səbəblərlə əlaqəlidir. Məlumatda neft məhsulları ilə bağlı təklif məsələsinə dair  açıqlama verilməyib.
Xatırladaq ki, cari ilin yanvar ayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu ilin yanvarında Pakistana səfəri zamanı tərəflər iki ölkə arasındakı olan strateji dostluq əlaqələrini möhkəmləşdirmək məqsədi ilə neft və qaz sektoru əlaqələri yolu ilə ikitərəfli əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
İ. Əhmədovun sözlərinə görə, iki qardaş ölkə arasında münasibətlər enerji sahəsində imzalanmış əməkdaşlıq razılaşmasına uyğun olaraq, yüksələn xətt üzrə inkişaf edir.
“Keçmişdə nail olunmuş əməkdaşlıq səviyyəsi üzərində fəaliyyətimizi davam etdiririk, gələcəkdə də qardaş Pakistanla neft-qaz ticarəti sahəsində tərəfdaşlığımızı inkişaf etdirmək və daha da gücləndirmək əzmindəyik”, – SOCAR-ın rəsmisi əlavə edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button