Gündəm

‘Prezident Administrasiyasının qabağında çadır qurub yaşayacağıq’ (Aksiya)

14 məcburi köçkün ailəsi iyunun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar yaşadıqları yerdən çıxarılaraq əvəzində yer təklif olunmamasına etiraz edirlər.

Ağdamlı Röya Hüseynova deyir ki, 30 il Bakıda Xəzər rayonunda yataqxanada yaşayıblar, mənzillərinin bərbad vəziyyətdə olmasından şikayət edəndən sonra onları oradan çıxarıb əvəzində heç nə verməyiblər: “Bizi yataqxanadan çıxardılar. 1 il 8 ay kirayə pulu verdilər. Son 2 ayda nə pul verirlər, nə də yaşayış yeri”.

Məcburi köçkünlər şikayətlərinə baxan olmadığını, evsiz qalmalarında komitə sədri Rövşən Rzayevin günahkar olduğunu deyirlər.

R.Hüseynovanın sözlərinə görə, 250 manat təqaüd alır və bu, kirayə pulu ödəməyə bəs etmir, ev sahibi isə onları küçəyə atır.

“Məcbur olub Prezident Administrasiyasının qabağında çadır qurub yaşayacağıq”, – məcburi köçkün söyləyir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları etirazçıları komitəyə dəvət ediblər. Danışıqların nəticəsi bəlli deyil.

Qurumdan bildiriblər ki, komitənin fəaliyyəti prezidentin tapşırıqları əsasında aparılır və məcburi köçkünlərə onlar üçün yeni tikilən binalarda mənzillər veriləcək: “İlk növbədə qəzalı evlərdə yaşayanlara mənzillər veriləcək. Məcburi köçkünlərə yeni, onlar üçün tikilən evlərdə mənzillər paylanacaq”.

Amma mənzillərin nə zaman paylanacağı haqda məlumat verilmir.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button