Gündəm

Prezident və Birinci vitse-prezident Qarabağda (Video)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram səhifəsində Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb.

“Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək”, – paylaşımda deyilir.

Şuşada “Xarıbülbül” musiqi festivalı

Bu gün, mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçiriləcək.

Şuşanın rəmzi sayılan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın Cıdır düzündə təşkil olunub.

Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutmalıdır.

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqramlar təşkil olunacaq.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (Şuşa şəhəri daxil. Şəhər 1992-ci il mayın 8-də işğal edilmişdi) və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.



AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button