Gündəm

Prezidentlər danışıb

Mayın 22-də Belarusun Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda yazilib ki, dövlət başçıları hər iki ölkədəki vəziyyəti müzakirə edib, aktual məsələlərə dair fikir mübadiləsi aparıblar:

“Aleksandr Lukaşenko həmkarına Belarusun dəstəklənməsinə və bu ölkəyə karbohidrogen xammalı göndərilməsinə görə təşəkkürünü bildirib. Dövlət başçıları ölkələr arasında ticarət dövriyyəsinin artmasını və ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu məmnuniyyətlə qeyd ediblər”.

Açıqlamaya görə, Prezident İ.Əliyev Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib, bu yaxınlarda baş vermiş məlum hadisələrlə əlaqədar ölkəsinin mövqeyini çatdırıb.

Məlumata görə, Aleksandr Lukaşenko ölkəsinin bu vəziyyətin yaxın günlərdə nizamlanacağına ümidvar olduğunu qeyd edib:

“ Dövlət başçıları əməkdaşlıq istiqamətlərini və Belarus Prezidentinin Azərbaycana səfəri zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsini geniş müzakirə ediblər. Bildirilib ki, yaxın vaxtlarda Azərbaycanın şəhərsalma mütəxəssislərindən ibarət nümayəndə heyəti Belarusa səfər edəcək, belaruslu həmkarları ilə birlikdə regionda tikinti işlərinin başlanmasına dair planı işləyib hazırlayacaqlar”.

Məlumata görə, bundan əlavə, Azərbaycandan kənd təsərrüfatı üzrə nümayəndə heyətinin səfəri də gözlənilir.

Ötən ay Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanda səfərdə olmuşdu.İki ölkə arasinda əməkdaşlıq məsələləri müzakirə edilmiş və bu istiqamətdə müəyyən raziliqların əldə edildiyi açıqlanmışdı.

Xatırlatma

Ermənistanın rəsmi qurumlarının bildirdiyinə görə, mayın 12-də Azərbaycanın silahlı qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə onların ərazisinə daxil olub. Bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT vəya rus dilində ODKB) daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyaqovun quruma Ermənistan-Azərbaycan sərhədində insident barədə məlumat verdiyi açıqlanıb. KTMT-ya Ermənistandan başqa, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir.

Ancaq Azərbaycan tərəfi baş verənləri sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

Ötən il 44 günlük müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğalından azad edib. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button