İqtisadiyyat

Qlobal əyləncə və media bazarı bu il 6,5% böyüyəcək

Qlobal əyləncə və media bazarı rəqəmsal məzmuna və reklama olan tələbat sayəsində 2021-ci ildə 6,5%, gələn il isə 6,7% genişlənəcək.
“APA-Economics”in məlumatına görə, bu barədə “PricewaterhouseCoopers” (“PwC”) şirkətinin illik icmalında deyilir.
Qeyd olunur ki, böyümənin bərpası oflayn əyləncənin həcminin kəskin azaldığı, o cümlədən kinoteatrların kassa daxilolmalarının 71% azaldığı 2020-ci ildən sonra başladı.
Qlobal əyləncə və media sənayesinin gəlirləri keçən il 3,8% azalaraq 2019-cu ildəki 2,1 trln. ABŞ dollarından 2 trln. dollara düşüb. Bu, PwC-nin 22 illik araşdırmalarındakı ən böyük azalmadır.
2021-ci ildən 2025-ci ilədək qlobal əyləncə və media sənayesinin gəlirlərinin məcmu ortaillik artım templərinin (CAGR) 5% artacağı gözlənilir. Nəticədə, 2025-ci ildə bazarın ümumi həcmi 2,6 trln. dollara çata bilər.
Evdə izləmək üçün mövcud olan ənənəvi televiziya və video məzmunu hələ də əyləncə və media sənayesinin ən böyük istehlakçı seqmentidir (219 mlrd. dollar), lakin önümüzdəki 5 il ərzində bu seqment azalmağa davam edəcək (orta hesabla 1,2%).
Video yayım seqmenti 2020-ci ildə maksimuma çatıb və artmağa davam edəcəyi bildirilir. Proqnozlara görə, sifarişli video-yayım xidmətinin (Subscription Video on Demand – SVOD) həcminin 2025-ci ilə qədər orta hesabla 10,6% artaraq 81,3 mlrd. dollara çatacağı proqnozlaşdırılır.
Bununla belə, COVID-19 pandemiyasına görə tətbiq edilən məhdudiyyətlər azaldıqca kinoteatrların mənfəətinin 2021-ci ildə bərpa ediləcəyi, lakin 2024-cü ilədək pandemiyadan əvvəlki səviyyəyə çatmayacağı gözlənilir.
Video-oyunlar və kiberidman seqmentinin gəlirləri sürətlə artmağa davam edib və 2020-ci ildə 147,7 mlrd. dollara çatıb. Eyni zamanda, CAGR-nin önümüzdəki 5 ildə 5,7% olacağı və 2025-ci ilədək seqmentin gəlirlərinin 194,4 mlrd. dollar olacağı təxmin edilir.
Virtual reallıq əyləncə və media sənayesinin ən sürətlə böyüyən seqmentidir. Bu seqment üzrə gəlirlər keçən il 31,7% artaraq 1,8 mlrd. dollara yüksəlib, artım sürətinin 5 il ərzində orta hesabla 30%-dən çox olacağı və 2025-ci ildə 6,9 mlrd. dollara çatacağı proqnozlaşdırılır.
Musiqi sənayesi canlı musiqi seqmentinin gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasından (2020-ci ildə 74,4% azalıb) sonra böyüməyə hazırdır. Ümumilikdə, musiqi sənayesinin ümumi gəlirləri növbəti 5 ildə orta hesabla 12,8% artacaq. Bu, 2025-ci ilə qədər 29,3 mlrd. dollara yüksəlməsi gözlənilən rəqəmsal yayın axınının artımı hesabına baş verəcək. Canlı tamaşaların da bərpa olunacağı gözlənilir.
2020-ci ildə onlayn reklam xərcləri 9% artaraq 336 mlrd. dollara çatıb və ilk dəfə ənənəvi reklam xərclərini üstələyib. Proqnozlara görə, növbəti 5 ildə orta hesabla xərclər 7,7% artacaq.
İnternetə çıxış təminetmə xərcləri 2020-ci ildə sənaye xərclərinin 34%-ni təşkil edib. Seqmentin keçən il 694 mlrd. dollardan 2025-ci ildə 880 mlrd. dollara qədər artması CAGR-nin 4,9% səviyyəsində böyüməsi hesabına baş verəcəyi gözlənilir.
Mobil internetə çıxış bazarın böyüməsini təmin edəcək, bununla belə, CAGR-nin 6,1%-ə bərabər olacaq. Nəticədə, 5G şəbəkələrinin yayılması, mobil texnologiyalardakı inkişaflar və premium məzmun paketləri gəlirləri 2020-ci ildəki 449 mlrd. dollardan 2025-ci ildə 605 mlrd. dollara qədər artıracaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button