Gündəm

Rəsulzadənin Novxanıdakı abidəsi ziyarət olunur

Bu gün, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (XC) yaranmasının 103 illiyi ilə bağlı bəzi siyasi partiyaların təmsilçiləri, ictimai fəallar Məhəmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndindəki abidəsini ziyarət ediblər.

Amma koronavirus pandemiyasi ilə bağlı elan edilən karantin üzündən ziyarətçi qruplar beş nəfərdən çox olmayıb. Orada Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər açıqlamalar da verib: “Elə bir gün olacaq ki, biz ağsaqqallardan, böyüklərimizdən həmin şəxslərin ailə üzvlərindən xahiş edəcəyik ki, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoylunun, Əlimərdan bəy Topçubaşovun və Xalq Cümhuriyyətinin digər qurucularının məzarlarını Bakıya gətirib ən uca yerdə quraq. Onlar millətimizin and yerlərindən biri və bəlkə də birincisi olsun”.

İstiqlal abidəsinin ziyarəti…

Bəzi siyasi partiyaların təmsilçiləri də bu gün, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyi ilə bağlı Bakıda İstiqlal abidəsini ziyarət ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyi ilə bağlı həm Prezident İlham Əliyev və həm də bir çox rəsmilər də xalqı təbrik edib.

23 aylıq fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib. Cümhuriyyətin bir çox qurucuları işğaldan sonra Azərbaycandan mühacirət etmək məcburiyyətində qalıblar.

1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.

1992-ci ildən Azərbaycanda mayın 28-i Respublika Günü kimi qeyd edilir.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button