İqtisadiyyat

Rövnəq Abdullayev Türkmənistan Prezidenti ilə “Dostluq” yatağının birgə işlənməsini müzakirə edib

SOCAR Prezidenti Rövnəq Abdullayev Türkmənistanın neft-qaz kompleksinə xarici investisiyaların cəlb olunması üzrə Beynəlxalq forumda iştirak etmək məqsədi ilə Aşqabada səfər edib.
“APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Rövnəq Abdullayev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
R. Abdullayev Prezident İlham Əliyevin səmimi salamını çatdıraraq, Azərbaycanın Türkmənistanla müxtəlif sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu Türkmənistanın dövlət başçısına bildirib.
Q. Berdiməhəmmədov qeyd edib ki, qonşu dövlətlərlə səmimi münasibətini daim dəyərləndirən Türkmənistan bundan sonra da Türkmən və Azərbaycan xalqlarının rifahı naminə faydalı əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Görüş zamanı qeyd olunub ki, Türkmənistan malik olduğu nəhəng təbii ehtiyatların mənimsənilməsi və Xəzər regionundan dünya bazarlarına tədarükünün şaxələndirilməsi məqsədilə əməli addımlar atır.
Enerji sektorunda strateji tərəfdaşlığın daha da aktivləşdirilməsi, müştərək layihələrin, o cümlədən Xəzər dənizində Azərbaycan və Türkmənistanın “Dostluq” yatağının birgə işlənməsi layihəsinin reallaşdırılması imkanları müzakirə olunub. Qeyd olunub ki, bu il yanvarın 21-də “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Türkmənistan və Azərbaycan Respublikaları arasında imzalanmış anlaşma memorandumunu dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslandığını əks etdirir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button