Gündəm

Rüfət Səfərovun hədələndiyi bildirilir

Hüquq müdafiəçisi Rüfət Səfərovun hədələndiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna R.Səfərov özü məlumat verib. Onun sözlərinə görə, bu gün, mayın 14-də onu Facebook-da bir şəxs hədələyib: “Adamı tanımadım, o isə mənə güclə onu üç ay əvvəl bir dəfə gördüyümü izah edə bildi. Mənə təcili görüşmək lazım olduğunu dedi, nömrəmi istədi”.

Hüquq müdafiəçisi deyir ki, həmin şəxs görüşmək səbəbini fərqli məsələlərlə izah edib: “Əvvəl mənə görüş səbəbini demək istəmədi. Sonra isə bildirdi ki, 9 saylı Cəzaçəkmə Müəssisəsində bir nəfərin taleyi həll olunur. Mən onun israrla görüş təklifindən şübhələnib görüşmək istəmədiyimi deyəndən sonra isə o, mənə sevgilisinə sataşdığımı və buna görə cavab verəcəyimi dedi. Mən ona məni rahat buraxmadığı təqdirdə polisə müraciət edəcəyimi bildirdim. O isə mənə “adam öldürdüyümə görə həbsdə yatan adamam, qorxmuram” dedi”.

R.Səfərovun sözlərinə görə, bu, məişət problemi deyil: “Çünki müxtəlif bəhanələrlə məni görüşə çağırdığı şübhəlidir. Bu məişət söhbətinə oxşamır. Kiminsə tərəfindən öyrədildiyindən şübhələnirəm”.

Hələlik, R.Səfərovun dediyi şəxslə danışmaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə “Turan”a bildirib ki, deyilən məsələ ilə bağlı xəbərdardır: “Rüfət Səfərovun atası mənə zəng vurdu, mən ona rəsmi qaydada polis orqanlarına müraciət etməyi tövsiyə etdim. Rəsmi şikayət olunarsa, polis orqanları araşdırma aparıb lazımi tədbir görəcək”.

Xatırlatma

Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb. Daha sonra o, hüquq müdafiəsi fəaliyyətinə başlayıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button