Siyasət

Rumıniya səfiri: “Azərbaycan ilə strateji tərəfdaşlıq möhkəmlənib”

“Dörd il yarımdan sonra Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri qismində missiyam başa çatır. Bu müddət ərzində Azərbaycanda saysız sayda əhəmiyyətli həyat təcrübələri toplamışam. Bu illərin hər biri ölkənin sürətli inkişaf tempinə şahidlik edən mühüm və əlamətdar illər olub – Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, 10 milyonuncu Azərbaycan vətəndaşının anadan olması, Cənub Qaz Dəhlizinin təntənəli açılışı, eləcə də şərəfli və tarixi 2020-ci il”.

“Report” xəbər verir ki, bu fikirləri Rumıniyanın Azərbaycandakı səfiri qismində missiyasını başa vuran Dan İanku bildirib.

İanku deyib ki, bu illər boyunca Rumıniya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq möhkəmlənib və xalqlarımız arasında dostluq əlaqələri daha da dərinləşib.

“Bakını hər zaman ağlımda və ürəyimdə daşıyacağım ən xoş və səmimi xatirələrlə tərk edirəm. Azərbaycanda olduğum müddət boyunca zəngin tarixə və mədəniyyətə, qədim və gözəl ənənələrə sahib, gələcəyə inamla baxan, müasir dünyagörüşlü füsunkar bir ölkəni kəşf etdim. Özəlliklə, heyrətamiz Azərbaycan xalqını – səmimi, qonaqpərvər, mehriban, həmişə kömək etməyə hazır olan insanları kəşf etdim. Azərbaycanda xidmət etməkdən həqiqətən də şərəf duymuşam”, – səfir qeyd edib.

Səfir Dan İanku Rumıniyanın ölkəmizdəki diplomatik missiyasına 2016-cı ilin oktyabrından başçılıq edib.

Bir qədər öncə xəbər verildiyi kimi, 2014-cü ildən 2020-ci ilədək Rumıniyanın Rusiyadakı diplomatik nümayəndəliyinə rəhbərlik etmiş Vasile Soare Rumıniyanın Azərbaycandakı yeni səfiri vəzifəsinə namizəd göstərilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button