Cəmiyyət

Şəhid övladları üçün “YAŞAT” düşərgəsi başlayıb

“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə iyulun 12-dən avqustun sonunadək şəhid övladları üçün yay düşərgələri keçiriləcək.
Dövlət Agentliyindən “Report”a verilən məlumata görə, ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcək.
Düşərgə şəhidlərin 8-11, 12-14, 15-18 yaş kateqoriyasında olan övladlarını əhatə edəcək.
Düşərgələrdə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən innovativ düşünmə tərzinin aşınlanması məqsədilə yarışmalar, habelə robotexnika, dron istifadəsi təlimləri, yuxarı yaşlı uşaqlar üçün isə “Hackathon” keçirilməsi nəzərdə tutulub.
Hər düşərgədə tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr (geyim dəstləri, şirniyyat bağlamaları, suvenir və əşyalar və s.) təqdim ediləcək.
Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgə sonrasında müalicə prosesinə cəlb olunacaqlar.
İyulun 12-də Lənkəran şəhərində otellərdən birində “YAŞAT” düşərgəsininin açılış mərasimi təşkil olunub.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər.
Qonaqlar şəhidlərimizin, qəhrəman Vətən övladlarının əziz xatirələrinin daim ehtiramla yad edildiyini, onların əmanətlərinə, övladlarına daim xüsusi diqqətin və dəstəyin vacibliyini diqqətə çatdırıblar. Vurğulanıb ki, “YAŞAT” düşərgəsi uşaqların intellektual inkişafı, yeni biliklər və bacarıqlar əldə etmələri, o cümlədən istirahətlərini səmərəli keçirmələri üçün faydalı olacaq.
Şəhidlərin 8-11 yaşlı övladlarını əhatə edən ilk düşərgənin birinci günündə iştirakçılar üçün art-terapiya təlimi, tarix-diyarşünaslıq muzeyinə ekskursiya, komanda və psixoloqlarla tanışlıq kimi tədbirlər təşkil olunub. Həmçinin uşaqlara xoş və əyləncəli vaxt keçirmələri üçün “ASAN xidmət”in maskotu Mr. ASANT tərəfindən müxtəlif hədiyyələr paylanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button