Cəmiyyət

Sən həkim, hakim, prokuror, diplomat ola bilməzsən, yalnız şəhid ola bilərsən!

Ey vətənşüvənlər, zəhmət olmasa tumanınızı başınızdan çıxarıb əyninizə geyinin. Şəhidlik zirvədir? Mübahisə etməyə vaxtım, halım, həvəsim yoxdur. Ancaq…
Bəs öz övladınızı niyə o zirvədə görmək istəmirsiniz? Rəhmətlik Məmməd Nazimoğlu deyirdi ki, mən oğlumu şəhid olmaq üçün böyütmürəm, sonsuzluq əzabından qurtulmaq üçün böyüdürəm. Tam razıyam, artistlik etməyin, heç kim övladının şəhid olmasını arzulamır….
Deyirsiniz, Azərbaycan vətənimizdir, onun uğrunda ölmək şərəfdir-filan. Razıyam. Ancaq…
Bəs niyə vətənin sərvətlərindən adamlara 190 manat yardım vermək lazım gələndə, onları “dilənçi”, “qudurğan”, “müftəxor” adlandırırsınız? Uçuq-sökük daxmalarda böyüyən, bəlkə də heç doyunca şirinçay da içə bilməyən uşaqları döyüş bölgəsinə göndərib erməni gülləsinə tuş edə bilirsiniz, acından ölməmək üçün onlara 190 manat yardım vermək lazım gələndə “dilənçi”, “qudurğan”, “müftəxor” olurlar?
O uşaqların böyüməsində dövlətin heç bir rolu oimayıb. Öz valideynlərinin məhdud imkanları hesabına böyüyüblər – uşaqpulu yox, sosial təminat sistemi yox, səhiyyə və təhsil də pullu. O uşaqlar 600 bal toplasa belə, arzusunda olduğu Tibb Universitetində və ya Diplomatik Akademiyada təhsil ala bilməyəcəkdilər. Çünki Tibb Universitetinə ildə 5500, Diplomatk Akademiyaya ildə 6500 manat verməyə imkanları nəzəri baxımdan belə imkanları yoxdur. Bəzən 5500 manat onun ailəsinə məxsus əmlakın maya dəyərindən belə çoxdur. Heç bir sosial, təhsil hüququ tanınmayan gənclərin şəhid olmaq hüquq dərhal tanınır – sən həkim, hakim, prokuror, diplomat ola bilməzsən, yalnız şəhid ola bilərsən!
Yenə də vətən, dövlət-filan deyəcəksiniz, xislətinizə bələdəm. Ancaq…
Niyə döyüş bölgələrində yalnız uçuq-sökük daxmalarda böyüyən uşaqlar xidmət edir? Nazirin, icra başçısının, prokurorun, polis rəisinin uşaqlarını demirəm, heç 5 min məktəbin direktorunun, 2 min baş həkimin övladları da döyüş bölgəsində xidmət etmir. Rüşvət maşını ancaq yoxsulların övladlarını döyüş bölgəsinə yığır.
O rüşvət hesabına generallar 200 hektarlıq nəhəng bağlar alır, yoxsul əsgərlər də o nəhəng bağılarda ucuz işçi qüvvəsi kimi işlədilir, LAZIM gələndə də, güllə qabağına verirlər. Bir sözlə, dövlətin sərvəti bunların, göz yaşları isə kasıbların qismətidir…
Qadir İBRAHİMLİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button