Gündəm

Sərhəddə yenə atəşkəsin pozulduğu deyilir 

Azərbaycan yenə Ermənistanı sərhəddə atəşkəsi pozmaqda günahlandırır. 

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi iyulun 17-də məlumat yayıb. 

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək  fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində müxtəlif  yerlərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, habelə Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən  mövqelərini atıcı silahlardan atəşə tutub.

 Açıqlamaya görə, iyulun 17-si saat 08:30-da isə Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Qarşı tərəfə cavab verildiyi, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki olmadığı bildirilir.

Amma bu məlumatla baglı, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil. 

Dünən, iyulun 16-da da Azərbaycan Ermənistan Silahlı Qüvvələri bölmələrinin onların Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutduğunu bildirmişdi. Lakin ondan   bir qədər əvvəl isə Ermənistan Müdafiə Nazirliyinin məlumatında  vurğulanırdı ki, iyulun 16-sı həmin istiqamətdə Azərbaycan Ordusu onların mövqelərini atəşə tutub. 

Azərbaycan Müdafiə Nazirliyi iyulun 15-də  də Şuşa , Kəlbəcər, iyulun 13-də  isə yenə Naxçıvan  istiqamətində mövqeylərinin vurulduğunu açıqlamışdı. Ermənistan tərəfi isə öz növbəsində Azərbaycanı günahlandırırdı. Onların  məlumatına görə,iyulun 13-də  Naxçıvan istiqamətində Azərbaycan hərbçiləri mühəndis texnikalarından istifadə edərək, istehkam işləri görmək üçün mövqelərini qabağa çəkməyə cəhd edib.Vurğulandığına görə, amma cavab tədbirindən sonra, Azərbaycan əsgərləri Ermənistan ordusunun mövqeyini atəşə tutublar. 

Son həftələr istər Azərbaycan Ermənistan sərhəddində, istərsə də Qarabağ bölgəsində atəşkəsin pozulması ilə bağlı tez-tez məlumatlar yayılır. Buna görə, tərəflər qarşılıqlı olaraq bir-birlərini günahlandırırlar. Üstəlik bu olaylar zamanı tərəflərdən ölən və yaralan hərbi qulluqçunun da olduğu bildirilmişdi. 

Xatırlatma 

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə ( Şuşa daxil ) və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. 

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button