İqtisadiyyat

“Şahdəniz-2” çərçivəsində Şərq-Cənub cinahından hasilata başlanılıb

“Şahdəniz” konsorsiumu bu gün 540 metr dərinlikdə yerləşən Şərq-Cənub cinahından hasilatın başlandığını elan edib.
BP-dən “APA-Economics”ə verilən məlumata görə, bu, 2021-ci il üçün planlaşdırılmış və təhlükəsiz və qrafikə uyğun yerinə yetirilmiş mühüm bir layihədir. Bu dərinsulu cinahdan hasilat dənizdə bütün əlaqədar quraşdırma və istismar sınaqları uğurla başa çatdıqdan sonra 30 iyun 2021-ci il tarixində başlayıb.
Qeyd olunur ki, bununla, hazırkı hasilat həcminə ümumilikdə gündə 400 mln. standart kubfut qaz əlavə olunacaq – bu isə  iki milyon evi qazla təchiz etmək deməkdir. Bundan başqa, bu, “Şahdəniz” yatağından gündəlik ümumi hasilatı 2,4 mlrd. standart kubfutdan  yuxarı qaldırmağa imkan verəcək.
Məlumata görə, yeni Şərq-Cənub hasilat cinahı dörd quyudan, iki yeni axın xəttindən və dünya səviyyəli “Şahdəniz” lay-kollektoruna birləşdirilmiş  çoxsaylı sualtı konstruksiyadan ibarətdir. Cinahın 2021-ci ilin üçüncü rübündə tam hasilat səviyyəsinə çatacağı gözlənilir.
“Şahdəniz” layihəsinin operatoru olan bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz: “Bu, “Şahdəniz” çərçivəsində bu il üçün planlaşdırdığımız ən mühüm layihədir və biz buna COVID-19 pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq təhlükəsiz, qrafikə və büdcəyə uyğun şəkildə nail olduğumuzdan çox məmnunuq. “Şahdəniz-2” çərçivəsində əsas infrastruktur layihələri başa çatandan və 2018-ci ildə ilk qaz əldə olunandan bəri bütün “Şahdəniz” komandası bu nəhəng yataqdan hasilat səviyyəsini artırmaq üçün tam gücü ilə işləyir. Bunun üçün qalan cinahlarda yeni quyular istismara verilir və sualtı hasilat sistemində yeni infrastruktur işə salınır.
Məmnuniyyətlə bildirirəm ki, yeni işə salınmış Şərq-Cənub cinahı oradakı iki manifolddan və “Şahdəniz-2” qurğularına çəkilmiş 40 kilometrdən çox uzunluğu olan axın xətlərindən istifadə etməklə “Şahdəniz” yatağından ümumi hasilat həcminə gündə təxminən 90 min barel neft ekvivalenti əlavə edəcək. Mən həm layihədə, həm də əməliyyatlarda çalışan bütün işçilərimizə təşəkkür edirəm. Məhz onların zəhməti nəticəsində belə çətin bir zamanda və son dərəcə ağır pandemiya şəraitində bu mühüm layihənin uğurla həyata keçməsinə  nail olmuşuq”.
Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button