Siyasət

Sahibə Qafarova BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb

Aprelin 9-da Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan BMT Baş Assambleyasının prezidenti Volkan Bozkırın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentin sədri Azərbaycanın BMT ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.

Qeyd edilib ki, ölkəmiz bu nüfuzlu beynəlxalq təşkilatın orqanları ilə sülh və təhlükəsizlik məsələlərinə dair müzakirələrdə fəal iştirak edir, qurumun xətti ilə keçirilən tədbirlərə öz layiqli töhfəsini verir. Heç də təsadüfi deyildir ki,  müstəqil Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü olduğu dövrdə Prezident İlham Əliyevin sədrliyi ilə terrorizmlə mübarizə və BMT ilə İslam dünyası arasında tərəfdaşlıq məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüşlər keçirilib. Ölkəmiz beynəlxalq təhlükəsizliyə dair mühüm qərarların qəbul olunmasında yaxından iştirak edib. Azərbaycan sülhməramlıları BMT-nin mandatı ilə bu gün də Əfqanıstanda və Cənubi Sudanda sülhüqoruma əməliyyatlarında fəal iştirak edirlər.

Sahibə Qafarova bildirib ki, Azərbaycan qlobal xarakterli məsələlərin həllində də səylərini əsirgəmir. Belə ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidentinin təklifi ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib. Sessiyada bu məsələdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.  Milli Məclisin Sədri qonağın təmsil etdiyi təşkilatla ölkəmiz arasında “2021-2025-ci illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi sənədi”nin imzalanmasını yüksək dəyərləndirib.

Söhbətdə Spiker Sahibə Qafarova artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi 4 qətnaməsini xatırlayaraq, 44 günlük Vətən müharibəsi dönəmində bu sənədlərin Azərbaycanın özü tərəfindən icra edildiyini və ölkənin ərazi bütövlüyünün bərpa olunduğunu söyləyib. Ancaq işğaldan azad olunmuş ərazilərimizdə minalanmış sahələrin xəritələrini Ermənistan dövləti hələ də təqdim etmir. Bu isə müharibə cinayətidir və təhlükəsizliklə bağlı çox böyük problemlər yaradır. Biz bu məsələdə beynəlxalq birliyin dəstəyinə ümid edirik. Bu xəritələrin təqdim edilməsi Qarabağda bərpa işlərinin daha sürətlə aparılmasına təkan verəcək.

Volkan Bozkır BMT Baş Assambleyasının prezidenti kimi ilk səfərlərindən birini Azərbaycana etməyindən qürur duyduğunu söyləyib.

Bildirilib ki, BMT bu təşkilat üçün çox önəmli ölkə olan Azərbaycanla əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır.

Volkan Bozkır deyib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiya dövründə BMT-nin xüsusi sessiyasının keçirilməsi beynəlxalq aləmdə geniş rezonans doğurub. Biz pandemiya ilə əlaqədar Azərbaycanın digər ölkələrə və qurumlara göstərdiyi yardımları yüksək dəyərləndiririk. İndi hamılıqla birlikdə postpandemiya dövrünə – yeni çağırışlara hazır olmalıyıq.

Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button