Cəmiyyət

Sumqayıtda atmosferə normadan artıq dəm qazı buraxan avtomobil sürücüləri cərimələndi

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə növbəti profilaktik tədbir həyata keçirilib.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Tədbir zamanı əvvəlcə atmosferin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması üçün şəhər ərazisində avtomobillər yol polisləri tərəfindən yeni xidməti istifadəyə verilən xüsusi elektron cihazla yoxlanılıb.
Atmosferə normadan artıq dəm qazı buraxan nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati tənbeh tədbirləri görülüb.
Qeyd edək ki, yol polislərinin xidməti istifadəsinə verilən yeni elektron cihaz vasitəsi ilə istismar müddəti 1987-ci ildən başlayaraq 2021-ci ilə qədər olan mühərriki benzin, dizel yanacağı və qazla işləyən bütün növ nəqliyyat vasitələrinin atmosferə buraxdığı dəm qazının miqdarını ölçmək mümkündür.
Tədbir zamanı yol polisləri tərəfindən motosiklet, moped və velosiped sürücüləri tərəfindən yol hərəkəti qaydalarına riayət olunmasına nəzarətin gücləndirilməsi məqsədi ilə də profilaktik işlər aparılıb. Sürücülərin və digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olan, yollarda təhlükəli manevrlər edərək qəza şəraiti yaradan qeyd edilən nəqliyyat vasitələrini idarə edən şəxslər saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri görülüb.
Tədbir zamanı sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadaların yol hərəkəti qaydalarını pozması hallarının qaşısının alınması məqsədi ilə də yol polisləri profilaktik işlər görüb. Mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər barəsində inzibati protokollar tərtib edilib. Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Xatırladaq ki, Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button