ManşetSiyasət

Şuşaya atılan “İskəndər” raketi beynəlxalq qalmaqal yarada bilər – təhlil

Rəsmi Bakı işğaldan azad edilmiş Şuşaya Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İsgəndər” raketlərinin atıldığını bildirir və ANAMA bunun sübutu kimi raket qalıqlarının fotolarını yayıb. Araşdırmalar bu raketin “İsgəndər M” olduğunu göstərir.

Buna qədər Ermənistanda Azərbaycana raket atılması ilə bağlı iddialar səslənsə də, rəsmi Bakı bunu təkzib edirdi. Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan “İsgəndər”lə bağlı sualı cavablandırmayıb, amma Kremlin sözçüsü Dmitri Peskov müharibə vaxtı Azərbaycana “İsgəndər” atılmaması ilə bağlı rəsmi Moskvanın əvvəlki mövqeyini təkrarlayıb.

Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) raketlərin qalıqlarının Şuşada bir-birindən 780 metr ara ilə iki ərazidə tapdığını bəyan edib.

ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov deyir ki, aşkar etdikləri iki raket gövdəsi və bir raket mühərrikidir: “Hələ ki, iki raketin atıldığını deyə bilmirik, çünki bir mühərrik aşkar etmişik. Tapdığımız qalıqların üzərindəki kodlar isə onların “İsgəndər” raketi olduğunu təsdiq edir. Açıq internet resurslarında da yoxlamaqla bu kodun həmin raketlərin M versiyası olması təsdiqlənir. Araşdırmaların nəticələri aidiyyatı üzrə təhvil verilib”

Raketi Ermənistan atıbsa, onlara niyə verildiyi, hardan atıldığı, kim atıb kimi suallar açıq qalır. “İsgəndər” raketinin istehsalçısı Rusiyadır, bunu da satmaq hüququ yoxdur…

Eyni zamanda Rusiya müdafiə nazirinin müavininin Qarabağa səfəri, orda 1960 sayda hərbçi üçün lazımından çox hərbi şəhərcik yaradılması, ora daşınan yüklərin təyinatı “qaranlıq və şübhəli” məqamlardır. Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun Qarabağa səfəri Azərbaycanla razılaşdırılmayıb. Belə olmasaydı, Azərbaycan bu səfər barədə rəsmi məlumat yayardı.

Hərbi ekspertlərin fikrincə, Şuşada qalıqları tapılan raketlərin üzərində aşkarlanmış “9M723” kodu “İsgəndər”in M, yəni modernləşdirilmiş varinatı olduğunu göstərir və “İsgəndərM” raketlərinin ixracı beynəlxalq müqavilə ilə qadağan olunub. O müqavilə ABŞ və SSRİ arasında 1987-ci ildə imzalanıb və orta və yaxın mənzilli raketlərin ləğv edilməsinə dair sazişdir. Rusiya həmin sazişi 2019-cu ildə tərk edib. Həmin müqavilə dolayısı ilə bu kimi raketlərin nəinki satılmasını, hətta ləğvini nəzərdə tuturdu. Rusiya bu sazişin tələblərini də yerinə yetirməyib. Burada raketlərin tək Ermənistana ötürülməsi deyil, həm də ABŞ qarşısında öhdəliklərini yerinə yetirməməsi barəsində fakt ortaya çıxır. Mütləqdir ki, buna Pentaqonun (ABŞ Müdafiə Nazirliyi -red.) bir reaksiyası olacaq.

Ekspertlər deyir ki, həmin raketlərin E versiyası Ermənistana verilib, amma M versiyası barədə heç bir mənbədə, o cümlədən BMT-nin silahlar reystrində heç bir məlumat yoxdur. “Dolayısı ilə bu silahların Ermənistana verilməsi qaranlıq yollarla həyata keçirilib. Bu məsələdə şəffaflıq olmayıb. Adətən belə fəaliyyətlər beynəlxalq sanksiyalarla nəticələnir.

Ermənistan baş naziri Nikol Paşinyan ölkənin keçmiş Prezidenti Serj Sarkisyanın “İsgəndər” Rusiya raket kompleksinin 44 günlük Qarabağ müharibəsi zamanı istifadə edilmədiyinə dair eyhamına cavabında raketin atıldığını deyib: “Bu eyham mənə ünvanlanmış ola bilər, lakin mən düşünürəm ki, rədd edilmiş (Serj Sarkisyan nəzərdə tutulur) gərək bir çox sualların cavabına bələd olsun və cavabları ona məlum olan sual verməsin. Qoy soruşsun ki, niyə “İsgəndər”-dən buraxılan raket partlamayıb? Yaxud niyə, məsələn, 10 faizi partlayıb.

Ermənistanın baş nazirinin “İsgəndər”lə bağlı bəyanatı Rusiyada qəzəb doğurub, Paşinyana verilmiş yanlış məlumat kimi qiymətləndirilmişdi. Bundan sonra rəsmi Yerevan da Rusiyanın bu açıqlamasını dəstəkləyən mövqe göstərmişdi.

Qarabağ müharibəsi zamanı “İsgəndər” kompleksinin istifadə olunması barədəsə ilk dəfə Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Movses Hakobyan danışmışdı. O, ötən ilin noyabrında jurnalistlərlə görüşü zaman müharibənin son günləri “İsgəndər”- lərdən istifadə edildiyini bildirmişdi. Sabiq prezident Sarkisyan isə son müsahibəsində raketlərin Şuşaya yönəldildiyini demişd.

“Putin qarışmasaydı, Azərbaycan Dağlıq Qarabağı bütövlükdə alacaqdı” – bu sözləri isə Ermənistanın eks-prezidenti  Koçaryan deyib.

Bu açıqlamalar Rusiyanın Qarabağ müharibəsi dövründə Ermənistana dəstə verməsini bir daha təsdiqləyir. Yəni Rusiya bu müharibədə neytral “imici” yaratmağa çalışsa da, əslində tərəf olub. Bu baxımdan İskəndər raketinin Şuşaya atılması artıq təkzib olunmaz faktdır və Bakı bununla bağlı hüquqi prosedurlara başlamalıdır. Konkret olaraq, məsələ, BMT başda olmaqla, beynəlxalq təsisatlar qarşısnda qaldırılmalıdır.

Eyni zamanda hələ ötə ilin iyulunda baş vermiş Tovuz döyüşlərindən sonra Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı xəbərlər yayılırdı və prezident İlham Əliyev də çıxışlarının birində buna eyham vurmuşdi.

Təbii ki, kasıb Ermənistan Rusiyanın dəstəyi olmadan bir elə silahlana bilməzdi. Rəsmi Bakı indi bu məsələni ictimaliləşdirməli, Rusiyadan hesabat tələb etməlidir. Rusiyanın ikili oyunları yeni gərginlik mənbəyi yaradır.

Qadir İBRAHİMLİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button