İqtisadiyyat

Şüvəlandakı “Şimal-1” elektrik stansiyası əsaslı təmir edilib

20 il əvvəl istismara verilən Bakının Şüvəlan qəsəbəsində yerləşən 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının qaz turbininin rotoru dəyişdirilməklə əsaslı təmir edilib.
“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, 100 ton çəkisi olan rotor dəyişdirildikdən sonra köhnə rotor modifikasiya üçün təmirə göndəriləcək. Bundan başqa, stansiyanın sahil nasosxanasındakı nasosların və fırlanan torların dəyişdirilməsi, qazanların daxili izolyasiya örtüyünün yenilənməsi və digər işlər həyata keçirilib.
Əsaslı təmir zamanı stansiyanın təsirlənmə sistemində ciddi yenilik edilib. 20 il idi ki, “Şimal-1” Elektrik Stansiyasında generatorun təsirlənmə sistemi bir kanallı idi və bu da stansiyanın etibarlığının aşağı olmasına səbəb olurdu. Əsaslı təmir zamanı sistemin stabilliyi funksiyalı yeni nəsil 2 kanallı təsirlənmə qurğusu ilə əvəzlənib. Bu isə sistemin stabilliyini qorumaqla yanaşı, dayanıqlığı da artırıb. Əgər bundan sonra bir kanal sıradan çıxarsa, avtomatik ikinci kanal işə düşəcək. Görülmüş işlər nəticəsində “Şimal-1” Elektrik Stansiyasında 20 meqavat “itirilmiş” güc bərpa edilib.
“Azərenerji” ASC “Şimal-1” Elektrik Stansiyasından sonra “Şimal-2” Elektrik Stansiyasının işləmə saatına uyğun olaraq yanma kameralarının da təftiş işini aparıb. Beləliklə, ümumi qoyuluş gücü 800 meqavat olan “Şimal” Elektrik Stansiyası  optimal vəziyyətə gətirilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button