Cəmiyyət

TƏBİB AQTA-nın xəstəxanalarda nöqsanlar aşkarlamasına münasibət bildirib

“Tibbi sığortanın tətbiqindən sonra xidmət keyfiyyətinin yaxşılaşdırılması və ona vətəndaş əlçatanlığının təmin edilməsi kadrların peşəkarlığı və mövcud səhiyyə sisteminin yeni sistemə transformasiyasından bilavasitə asılıdır. Qeyd edilən məqsədə nail olmaq üçün səhiyyə sistemini tam əhatə edən dəyişikliklər həyata keçirilməlidir. Bu istiqamətdə TƏBİB-in nümayəndələri beynəlxalq ekspertlərlə birlikdə mütəmadi müzakirələr və təhlillər aparır, səhiyyə sisteminin transformasiyası proqramı üzərində çalışırlar”.
“Report”un xəbərinə görə, bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, TƏBİB fəaliyyətə başladığı 2020-ci ilin əvvəlində məhdud sayda kadr resursları ilə əsas gücünü qlobal pandemiya ilə mübarizəyə yönəldib:
“Bir ildən artıq qısa müddət ərzində dövlətimizin birbaşa dəstəyi ilə Vətən müharibəsində yaralanmış döyüşçülərimizin, eləcə də “COVID-19” xəstəliyinə yoluxmuş şəxslərin müalicəsində yaxından iştirak edib.
Yalnız 2021-ci ilin əvvəlindən artıq ölkəmizdə tam olaraq icbari tibbi sığortaya keçidlə əlaqədar tabeliyindəki tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, tibbi tullantıların idarə olunması, qida təminatı və s. istiqamətlərdə yeni normativ sənədlərin hazırlanmasına və icrasına başlanılıb.Eyni zamanda qeyd edilməlidir ki, səhiyyə müəssisələrində qida təminatı ilə bağlı son 30 il ərzində hər hansı normativ sənəd qəbul edilməyib, yalnız bu ilin əvvəlindən başlayaraq TƏBİB tərəfindən “Tibb müəssisələrində təqdim olunan pəhriz növləri”, “Tibb müəssisələrində qidalanmanın təşkili haqqında” təlimat, “Pandemiya dövründə qidalanmaya dair metodik göstərişlər” və s. sənədlər hazırlanıb və razılaşdırma üçün aidiyyatı qurumlara göndərilib.
Səhiyyə sistemlərində yüksək keyfiyyət standartlarını tətbiq edən ölkələrin təcrübəsi göstərir ki, bu sahədə inkişafa nail olmaq üçün yalnız tibb qurumları deyil, cəmiyyətin bütün sferaları, dövlət qurumları, özəl sektor və vətəndaşlarımız həmrəy olmalıdır. Səhiyyə sistemində islahatlar mərhələsində köməyini əsirgəməyən hər kəsə dərin təşəkkürümüzü bildiririk.
İnanırıq ki, ölkə rəhbərliyinin qarşımızda qoyduğu məqsədə- səhiyyə sistemimizdə yeni keyfiyyət mərhələsinə birlikdə nail olacağıq”.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində yoxlamaları davam etdirir. AQTA-nın mayın 16-da yaydığı məlumatda bildirilib ki, yoxlamalar zamanı Xaçmaz Rayon Mərkəzi Xəstəxanası və Siyəzən Müalicə Diaqnostika Mərkəzində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunub: “Bu faktlara hüquqi qiymət verilməsi üçün sənədlər toplanaraq Baş Prokurorluğa təqdim olunub.
Qeyd edək ki, tibb müəssisələrində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində xəstələrin qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılır.
Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button