İqtisadiyyat

Tərtərdə yeni SCADA tipli subartezian quyusunun təqdimatı olub

Media nümayəndələri Tərtərdə ağıllı subartezian quyusunun işi ilə tanış olublar.
APA-nın məlumatına görə, onlara məlumat verilib ki, bu subartezian quyularının digərlərindən fərqi ondandır ki, burada SCADA sistemi quraşdırılıb.
“Meliorasiya və su təsərrüfatı” ASC-nin əməkdaşı Diqəm Şərifov bildirib ki, ümumiyyətlə, 2018-ci ildən sonra qazılmış və istifadəyə verilmiş quyuların bir çoxunda SCADA sistemi quraşdırılıb: “Bu sistem vasitəsi ilə su quyularına uzaqdan kameralar vasitəsi ilə nəzarət olunur, söndürülür-yandırılır, suyun verilməsi və bitməsi üçün vaxt limiti qoyulur. SCADA həm enerji həm də su itkisinin qarşısının alması üçün vacib sistem sayılır”.
Diqəm Şərifov qeyd edib ki, SCADA sistemi artıq 14 rayonda tətbiq olunur: “SCADA sistemi Ağcabədi, Ağdam, Tovuz, Samux, Tərtər, Goranboy, Şəmkir və digər rayonlarda tətbiq olunub. Lakin quyular həm bölgədə, həm də sahələrdə olduğu üçün SCADA sisteminin quraşdırılması bəzən mümkün olmur. İnternetin olmaması, bəzən enerjinin kəsilməsi problemlər yaradır”.
D. Şərifovun sözlərinə görə, bu il ölkə ərazisində istifadəyə veriləcək bütün subartezian quyularında SCADA sistemi quraşdırılacaq.
Tərtər Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev bildirib ki, bu artezianın altında 35 hektar əkin sahəsi var: “Respublikada son illər mütərəqqi texnologiyaların tətbiqi ilə əlaqədar xeyli artezian SCADA sisteminə qoşulub. O cümlədən bizim rayonda 47 artezian SCADA sistemi ilə işləyir. Quyu həmin sistemlə mərkəzi qaydada kompüter otağından idarə olunur. Müharibə dövründə 21 artezian quyusu qazılıb, artıq hamısı istifadəyə verilib və SCADA sistemi ilə təmin olunub. Bu il mayın 31-də Prezidentin verdiyi Sərəncamla daha 10 subartezian quyusu qazılacaq”.
Ə. Əliyev qeyd edib ki, Tərtər rayonunda 29 133 hektar əkin sahəsinin 18 402 hektarı son 30 ildə yalnız subartezian quyuları vasitəsilə suvarılıb, Tərtərin başqa suvarma mənbəyi olmayıb: “SCADA sisteminin çox böyük əhəmiyyəti var. Fermer müraciət edir, buradan kompüter otağına xəbərdarlıq edirik, kompüter otağında qeydiyyata götürülür və artezian işə düşür. Hektarına və məhsuldarlığa görə sahə suvarılandan sonra məlumat verilir. Daha sonra ikinci fermerə fasilələrlə su verilir. “Meliorasiya və su təsərrüfatı” ASC olaraq məruzə etmişik ki, yaxın vaxtlarda sol və sağ sahil kanalları istismara verilsə, 211 artezian quyusunun dayandırılması gözlənilir. Hər bir artezian limitlə işləsə belə, 1 ayda 2000 manat təkcə enerji pulu sərf olunur. Ümumilikdə istismar xərclərini götürəndə hər birinə 15-20 min xərc çəkilir. Suqovuşandan su gələrsə, görün nə qədər dövlət vəsaitinə qənaət etmiş oluruq? Rayonda 552 artezianı istismar edirik, onun 342-si işlək və saz vəziyyətdədir, 47-si isə SCADA sisteminə qoşulub. Bu il 10 artezian da vurulacaq, onlar da SCADA-ya qoşulacaq”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button