İqtisadiyyat

TANAP-la indiyədək Türkiyəyə 10,6 mlrd. kubmetr qaz nəql edilib

1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından başlayan Azərbaycanın müstəqil enerji siyasəti Türkiyə ilə birgə həyata keçirilərək Avrasiya məkanına Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi kimi qlobal enerji-kommunikasiya layihələrini qazandırıb.
“APA-Economics”in məlumatına görə, bunu “IV Energetika və Təbii Sərvətlər Zirvəsi”ndə iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
O bildirib ki, birgə siyasi iradənin məhsulu olan bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyinə təminat verir, enerji sahəsində əməkdaşlığımızı davamlı prosesə çevirir: “İndiyə qədər BTC boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın təxminən 437 mln. tondan çox nefti nəql edilib. Qaz kəmərləri ilə Türkiyəyə “Şahdəniz” yatağından 81,7 mlrd. kubmetr təbii qaz nəql olunub. 2018-ci ilin iyulundan indiyə kimi TANAP-la Türkiyəyə 10,6 mlrd. kubmetr təbii qaz nəql olunub. Bu ilin 5 ayı ərzində isə Türkiyəyə nəql olunmuş 4,1 mlrd. kubmetr qazın 2,2 mlrd. kubmetri məhz TANAP-ın payına düşüb. Bu dövrdə TAP ilə Avropaya 2,3 mlrd. kubmetr qaz ixrac edilib. Birgə enerji layihələri hər iki ölkəni dünya üçün əhəmiyyətli enerji mərkəzinə çevirir və Avrasiyanın enerji xəritəsində imzalarını ifadə edir”.
Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək CQD ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, ötən ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Əlamətdar haldır ki, 2019-cu ilin noyabrında TANAP ikinci – Türkiyə ilə Avropa sərhədinə qədər olan, hissəsinin (Faza-1) təntənəli sürətdə istismara verilməsi mərasimi keçirilib. TAP kəməri ilə Avropaya kommersiya yönümlü Azərbaycan qazının nəqlinə ötən ilin dekabrın 31-də başlanılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button