İqtisadiyyat

TAP Konsorsiumu Albaniya üçün strateji qaz obyekti tikəcək

Trans-Adriatik Boru Kəməri (TAP) Konsorsiumu, Albaniyanın İnfrastruktur və Enerji Nazirliyi və “Albgaz” şirkəti “Fier South” qaz çıxış nöqtəsi üzrə əməkdaşlıq və təhvil-təslim sazişi imzalayıblar.
“APA-Economics”in Konsorsiuma istinadən verdiyi məlumata görə, TAP ölkə üçün milyonlarla avroluq bir sərmayə olan qaz çıxış nöqtəsini layihələndirəcək, satınalma prosesini təmin edəcək və tikəcək.
Razılığa əsasən, “Fier South”un inşası başa çatdıqdan sonra çıxış nöqtəsi Albaniya dövlətinə veriləcək və tam olaraq Albaniya hökuməti tərəfindən idarə və istismar ediləcək.
“TAP nəqliyyat sistemi ilə Albaniyada gələcək qaz infrastrukturu arasında qarşılıqlı əlaqə nöqtəsini yaratmağa imkan verəcəyi üçün yeni qurğu Albaniyanın qazlaşdırılması üçün əhəmiyyətli bir mərhələdir”, – məlumatda qeyd edilir.
Sözügedən obyekt Albaniya və Qərbi Balkanlar üçün Xəzər bölgəsindəki qaz ehtiyatlarına strateji bir çıxış nöqtəsi olacaq. Qaz çıxış nöqtəsi TAP-ın kompressor stansiyasından kənarda yerləşəcək, genişləndirmə imkanlarına və iki istiqamətli axınına malik olacaq.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir. TAP ilə “mavi yanacağın” kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button