Dünya

Tbilisidə Nizami Gəncəviyə həsr olunan tədbir keçirilib

Tbilisidə Axundov adına İncəsənət Qallereyasında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, mərasim Azərbaycanın Gürcüstandakı səfirliyi və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib ki, Prezident İlham Əliyevin bu ili “Nizami Gəncəvi İli” elan etməsi şairin şəxsiyyətini, onun dərin fəlsəfəsini, fikir məktəbini, əsərlərində əks etdirdiyi dəyərləri həm ölkə daxilində, həm də dünyada tanıdılmasına xidmət edir: “Nizami həqiqətən də tək Azərbaycanın deyil, bütün dünyanın şairi və mütəfəkkiridir. Nizami, Nəsimi, Füzuli kimi dahi şəxsiyyətləri dünyada tanıtmaqla biz həm də Azərbaycanı təbliğ edirik. Fəxr etməliyik ki, Azərbaycan torpağı belə böyük şairləri, fəlsəfə fikrini formalaşdıran şəxsiyyətləri yetişdirib. Sevindirici haldır ki, dost Gürcüstanda azərbaycanlı icması və Azərbaycan Mədəniyyəti Muzeyi xalqımızın dahi oğlunun əziz xatirəsini yad edir”.

Gürcüstanın mədəniyyət, idman və gənclər nazirinin birinci müavini Kaxa Sixarulidze çıxışında deyib ki, N.Gəncəvi nəinki öz zəmanəsinin, özündən sonrakı əsr və nəsillərin də hərtərəfli dahisi olub: “Onun dahiliyi ilk növbədə Azərbaycan xalqına məxsusdur, lakin gürcü xalqı da onunla qürur duyur. Nizami bütün Qafqazın dahi şəxsiyyətidir”.

Mərasim çərçivəsində N.Gəncəvinin əsərlərinə çəkilən miniatürlər sərgilənib, səfirliyin elan etdiyi rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Təbdiri kvartetin ifasında böyük şairin “Sevgili canan” və “Sənsiz” qəzəllərinə dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstələdiyi musiqilər müşayiət edib.
Nizami Gəncəvinin obrazında olan “canlı heykəl” mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button