Gündəm

terrorçu olduğu deyilən 26 nəfərin işi məhkəməyə göndərildi

Baş Prokurorluq Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin üzvü olduğu deyilən daha 26 nəfər barəsində cinayət işinin məhkəməyə göndərilməsi haqda məlumat yayıb.

Onların ötən il dekabrın 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi anti-terror əməliyyatı nəticəsində saxlanıldığı deyilir.

Məlumata görə, silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabrında Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində döyüş mövqeləri tutublar.

Onların dekabrın 13-dək müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etdiyi, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Andranik Mikaelyan, Setrak Soğomonyan, Rafik Karapetyan və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurlar.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button