İdman

Tokio-2020 Yay Olimpiya Oyunları başlayır

Bu gün Tokio-2020 Yay Olimpiya Oyunları start götürür.
Apasport.az saytının məlumatına görə, 32-ci Yay Olimpiadasının bəzi yarışları iki gün öncə başlasa da, rəsmi açılış iyulun 23-də baş tutacaq.
17 gün davam edəcək ən böyük multiidman yarışında 204 ölkədən 11 mindən artıq atletin iştirakı gözlənilir. Onlar 33 idman növü üzrə 339 dəst medal uğrunda mübarizə aparacaqlar. Ötən il keçirilməli olan, lakin koronavirus pandemiyası üzündən təxirə salınan Olimpiada yubanma ilə təşkil edilən ilk yarış kimi tarixə düşəcək. İndiyədək ləğv olunan yarışlar olsa da, təxirəsalmaya təsadüf edilməyib.
İkinci dəfə bu mötəbər yarışın ev sahibi olacaq Yaponiyanın paytaxtı 4 idman növü üçün ilklə əlamətdar olacaq. Karate, idman qayayadırmanması, skeytbordinq və serfinq ilk dəfə Olimpiada proqramında yer alacaq.
İştirakçı 204 ölkə arasında Azərbaycan da yer alıb. Ölkəmiz 7-ci dəfə Yay Olimpiadasına müstəqil ölkə kimi qatılır. Aktivində 6 Qış Olimpiadası da olan idmançılarımızın debütü Atlanta-1996-da gerçəkləşib.
Yalnız Atlanta-1996-da qızıl medal qazanmayan idmançılarımız sonrakı 5 Olimpiadada ümumilikdə 7 çempionluq yaşayıb. Tokioya qızıl medal ənənəsini davam etdirmək üçün yollanan yığmamız 44 nəfərlik heyətə malikdir. 
Olimpiadaya 13 idman növündə qatılacaq yığmamız əsas ümidləri bunlardan bir neçəsi ilə bağlıdır. Ənənəvi olaraq ölkəmizə medal gətirən güləş, cüdo və boks bu siyahının ilk pillələrində durur. 
Güləş millimizin demək olar ki, hər üzvü vətənə medalla dönməyə namizəddir. Onlar arasında Mariya Stadnik, Hacı Əliyev, Şərif Şərifov xüsusi qeyd olunacaq idmançılarımızdır. İlk dəfə 9 nəfərlə Olimpiadaya yollanan cüdo yığmamızda da medal qazana biləcək təmsilçilərimiz yetərincədir. Komandanın lideri, olimpiyaçılarımızın bayraqdarı Rüstəm Orucov, həmçinin İrina Kindzerska, Kəramət Hüseynov, Zelim Kotsoyev əsas medal ümidləridir. 
Hər bir üzvünün medal şansı kifayət qədər yüksək olan boks millisində Alfonso Dominqes və Lorenzo Sotomayorun şansları daha yüksək qiymətləndirilir. 
Güləş, cüdo və boks kimi digər döyüş növləri taekvondo və karatedə də Azərbaycan idmançılarına ümidlər böyükdür. 
Son olimpiya çempionumuz Radik İsayevin yoxluğunda belə güclü təsir bağışlayan taekvondoçularımız da Azərbaycan bayrağını qaldırmağa namizəddir. Xüsusilə də Milad Beiqi Harçeqani favoritlərdən biridir.
İlk dəfə olimpiya proqramında olan karatedə də Azərbaycan himninin səslənməsi gözləniləndir. Bu idman növünün əfsanəsinə çevrilən Rafael Ağayev turnirdə favoritlərdəndir. İrina Zaretskaya da mükafatlara iddiaçılar sırasında göstərilir.
Döyüş növlərindən başqa, triatlonda da medal gözləməyə dəyər. Hər halda, Rostislav Pevtsovun nəticələri belə düşünməyə əsas verir.
Bədii gimnastika və atıcılıqda ayrı-ayrı illərdə müsbət nəticələr qazansaq da, Tokio-2020-də medal şanslarımız o qədər də yüksək deyil. Digər növlərdə isə idmançılarımız “əsas iştirakdır” prinsipi ilə Olimpiadaya qatılacaq. Söhbət badminton, atletika, velosiped idmanı, üzgüçülük, qılıncoynatma, idman gimnastikasından gedir. 
40 lisenziyaya sahib yığmamız bədii gimnastikada qrup hərəkətlərində 5 nəfərlik komanda ilə təmsil olunacaq. Güllə atıcısı Ruslan Lunyov isə Tokioda 2 dəfə medal şansını sınayacaq yeganə təmsilçimizdir.Tokio-2020-yə yollanacaq Azərbaycan idmançıları1. Anna Skidan (atletika, çəkicatma)2. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq)3. Mariya Stadnik (qadın güləşi, 50 kq)4. Şərif Şərifov (sərbəst güləş, 97 kq)5. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)6. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)7. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük)8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük)9. Ruslan Lunyov (güllə atıcılığı, 25 və 50 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma)10. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi)11. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq)12. Nazim Babayev (atletika, üç təkanla tullanma)13. Tayfur Əliyev (boks, 57 kq)14. Hacı Əliyev (sərbəst güləş, 65 kq)15. Turan Bayramov (sərbəst güləş, 74 kq)16. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq)17. Anna Başta (qılıncoynatma, sablya)18. Elis Manolova (qadın güləşi, 68 kq)19. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq)20. Fəridə Əzizova (taekvondo, 67 kq)21. Rafael Ağayev (karate, 75 kq)22. İrina Zaretska (karate, +61 kq)23. Edi Reski Dviçahyo (badminton)24. Kəramət Hüseynov (cüdo, 60 kq)25. Orxan Səfərov (cüdo, 66 kq)26. Rüstəm Orucov (cüdo, 73 kq)27. Murad Fətiyev (cüdo, 81 kq)28. Məmmədəli Mehdiyev (cüdo, 90 kq)29. Zelim Kotsoyev (cüdo, 100 kq)30. Uşanqi Kokauri (cüdo, +100 kq)31. Aişə Qurbanlı (cüdo, 48 kq)32. İrina Kindzerskaya (cüdo, +78 kq)33. Rostislav Pevtsov (triatlon)34. Cavid Çələbiyev (boks, 63 kq)35. Lorenzo Sotomayor (boks, 69 kq)36. Alfonso Dominqes (boks, 81 kq)37. Məhəmməd Abdullayev (boks, +91 kq)38. Firdovsi Fərzəliyev (karate, 67 kq)39. Emin Cəfərov (stend atıcılığı)40. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button